Diz oynağının meniskopatiyası-diz oynağının zədələnməsi, gərilməsi və ya oynağın ikincili travması nəticəsində özəlliklə futbolçularda və idmanla məşğul olan şəxslərdə rast gəlinən patoloji vəziyyətdir. Hər hansı bir cəld hərəkətin nəticəsi olaraq diz meniskinin zədələnməsi və ya qopması baş verə bilər. Təkrarlanan meniskopatiya deformasiyaolunmuş artrozun yaranmasına gətirib çıxardır.
Menisk yırtıqları hər yaş dövründə rast gəlinə bilər. Lakin əmələgəlmə mexanizmi fərqlənir. Gənc yaşlarda menisk sağlam olduğundan ciddi travmalar səbəbi ilə zədələnir. Menisk yırtığına səbəb olan travma və zədələr oynaq kapsulu, yan və çarpaz bağlarda da yaralanmalara yol aça biləcəyi barəsində də unutmaq olmaz. Menisk zədələnmələri gənc yaşlarda travmatik səbəblərdən əmələ gəlsə də, daha irəliləyən yaşlarda ən çox meniskin keyfiyyətinin azalması nəticəsində yaranır. Orta yaşlı insanlarda menisk degenerasiya səbəbi ilə zəifləyir və çox sadə hərəkətlərdə belə yırtığa gətirib çıxarır.
Vücudumuzda ən çox yaralanan nahiyyələrdən biri də meniskdir. Diz oynağı fleksion və ekstansion hərəkətlərlə yanaşı, bəzən hərəkət əsnasında rotator funksiyasını da göstərir. Oynaq üzləri bir birlərinə çox uyğun olmadıqları üçün diz oynağı yardımcı əzələ toxumaları ilə də gücləndirilmişdir. Bunlar diz oynağı bağları (Ligamentlər) və çuxur şəklindəki qığırdaqlar- menisklərdir. Menisk diz oynağının ortasında yerləşən qığırdaq parçası olub, oynağın üzərini tutaraq yastıq kimi dəstək, kompressiya və diz oynağına düşən yüksək təzyiqdən qoruyucu funksiyanı daşıyır.
Menisklər diz bölgəsində ən böyük 2 sümüyün kəsişdiyi nöqtədə yerləşən yarımay şəkilli (C şəkilli), periferik hissəsi qalın, içəriyə doğru incələn, üçgünc formalı, qamış sümüyünün oynaq üzünün 2/3 hissəsini örtən incə yastıqcıqlardır. Diz oynağını 4 sümük əmələ gətirir: bud, incik, qamış və patella. Menisklər diz oynağını formalaşdıran yuvarlaq femur (incik) və düz tibia (qamış) sümükləri arasında yerləşərək, yükün daşınması, bir çox tərəfə dönmə hərəkətlərini formalaşdırmaq, incik və qamış sümükləri arasında enerji balansını stabil saxlamaq kimi funksiyaları yerinə yetirirlər. Diz oynağında oynaq içi və oynaq xarici bağlar ( ön arxa çarpaz bağ / iç bayır yan bağ ), menisklər və əzələ toxumaları dəstək rolu oynayır. Menisk dizin stabilliyini formalaşdıran və sabitliyini təmin edərək qığırdaq yaralanmalarının qarşısını alır.
Diz oynağında iç (medial) və bayır (laterial) menisk olmaqla 2 menisk yerləşir. İç menisk daha geniş, qalın olduğundan və medial yan bağa möhkəm yapışdığından hərəkətli olan laterial meniskə nisbətən 5-7 dəfə daha çox zədələnməyə məruz qalır və yırtılır. Qığırdağın tərkibində yerləşən meniskin əsas vəzifəsi yüklənmənin qarşısını almaq və oynağın quruluşunu stabil saxlamaqdan ibarətdir.
Menisk yırtıqları formasına görə müxtəlif siniflərə ayrılır:
Uzunlamasına yırtıqlar- meniskin kənarına paraleldir, qismən və tam ola bilər
Eninə yırtıqlar –meniskin superior və inferior üzlərinin ayrılması şəklində olur.
Oblik yırtaqlar
Radial yırtıqlar-periferik şaquli
Müxtəlif tip yırtıqlar- vedrə sapı şəkilli, tutuquşu pipiyi şəkilli, qarışıq və ya degenerativ tip yırtıqlar
Klinikası:
Dizlər yüngül bükülü və üzərinə yük qoyulmuş vəziyyətdəykən qüvvətli dönmə hərəkəti edildiyi təqdirdə menisk yırtığı yarana bilər. Menisk yırtıqları və zədələnmələrinin ilkin əlaməti ağrıdır. Ağrı əsasən dizin bükülmə hərəkətlərində (pilləkan qalxıb, enmə, namaz qılma və s.) özünü büruzə verir. Yırtığın ölçülərinə görə dizdə kilitlənmə, səndələmə, oynaqdan eşidilən klik səsi kimi şikayətlərlə bərabər oynaqda şişkinlik də əlavə edilə bilər. Yırtığın olduğu menisk bölgəsinə görə diz oynağında zədələnmədən dərhal və ya bir neçə saat sonra şişkinlik yarana bilər. Yaranmış şişkinlik hərəkət məhdudiyyətinə səbəb olur. Xəstələr dizlərini tam bükə bilməmək, eyni zamanda tam rahatlıqla aça bilməməkdən şikayətlənir.
Dioqnostikası:
Dioqnozun qoyulmasında anamnez, fiziki müayinələr, meniskin müayinəsinə yönələn özəl testlər, (mcmurray, Apley testlər) radio-dioqnostik yöntəmlər mühüm rol oynayır. Rentgenoloji müayinədə menisklər görülmür, ancaq dizdəki digər patologiyaları görmək və digər zədələnmələrlə differensial dioqnostika etmək üçün çəkilməsi məsləhət görülə bilər. MRT müayinəsi mensk yırtığının 80-93% arasında düzgün dioqnostika edilməsındə əsas müayinə üsulu hesab edilir.
Fizioterapevtik müalicə:
Menisk zədələnməsinə məruz qalmış hər bir xəstəyə diz oynağının tam bərpası vacib faktordur. Menisk zədələnmələri zamanı müşahidə edilən ağrı, şişkinlik və əzələ spazmı hər bir xəstəni narahat edən əsas problemdır. Bu problemlər xəstələrdə hərəkətin məhdudlaşmasına səbəbdir. Hərəkətliliyin azalması və ya məhdudlaşdırılması xəstələrdə reabilitasiya dövrünü uzadır. Belə ki az hərəkətlilik bud və baldır əzələlərinin tonusunun azalması, əzələ kütləsinin atrofiyasını sürətləndirir. Əzələ tonusunun zəifləməsi diz oynağının işinin də zəifləməsinə gətirib çıxardır. Bu da öz növbəsində oynaq kapsuluna və diz oynağının bağlarına neqativ təsir göstərir.
Fizioterapevtik və reabilitasion müalicə yuxarıda sadalananların qarşısının alınmasına köməklik edir, əzələ atrofiyasının qarşısının alınmasına, əzələ tonusunun artırılmasına, ödemin və ağrının azalmasına səbəb olur.
MRT ilə təsdiq edilmiş tam qopmamış, yüngül dərəcəli yırtıqların fizioterapevtik və reabilitoloji müalicə ilə tam bərpası mümkündür!
Menisk travması zamanı fizioterapiya kursunun davametmə müddəti travmanın növündən, pasientin yaşından, orqanizmin ümümi vəziyyətindən, yanaşı gedən xəstəliklərdən asılıdır. Fizioterapevtik müalicə müddəti yaralanmanın şiddətinə əsasən 10-20 gün arası müəyyən edilir.
Müalicənin ilkin mərhələsini önemli olan 4 faktor təşkil edir:
- Dinlənmə
- Diz nahiyyəsinə buz qoyulması
- Bandajın taxılması
- Dizin vücudumuzdan yuxarı saxlanılması
Meniskopatiyalar zamanı fizioterapevtik müalicələr kompleksinə aşağıdakılar aiddir:
- Ultrasəs müayinə
- Maqnitoterapiya
- Elektrostimulyasiya
- Aeroterapiya
- Elektrofarez
- Qısa dalğa diametriyası
- Yüksək tezlikli lazer terapiyası
- Müalicəvi masaj
- Müalicəvi idman
Travmadan dərhal sonra xəstələrə ultrasəs müalicə və elektrofarez təyin edilir. Bu prosedurlar ödemin azalması, oynaqda ağrının zəifləməsi, maddələr mübadiləsinin sürətlənməsi, bu da öz növbəsində bərpanın sürətlənməsinə kömək edir. Yanaşı olaraq simptomatik müalicə məqsədilə ağrı və şişkinliyi azaltmaq üçün ağrıkəsici dərman preparatların tətbiqinə yönəldilir. Müalicənin sonrakı etaplarında elektrostimulyasiya təyin edilir ki, bu da dördbaşlı stimullaşdırılmasına, əzələnin atrofiyasının qarşısının alınmasına səbəb olur. Növbəti mərhələdə dizi immobilizasiya edən bandajın çıxarılmasından sonra yüksək tezlikli lazer, masaj və müxtəlif dərman preparatları ilə fonofarez təyin edilə bilər. Bu prosedurlar zədələnməyə məruz qalmış ətrafda toxuma mikrosirkulyasiyasını sürətləndirir.
Müalicəyə irəliləyən dövrlərdə fizioterapiya ilə paralel olaraq reabilitasiyaya da başlamaq lazımdır. Xəstələrə aktiv sportla məşqlə məşğul olmağa ara verilməsi söylənilir. Yalnız reabilitoloqun nəzarəti altında proqressiv quadriceps (dördbaşlı) əzələsinin möhkəmlənməsinə doğru yönəldilən hərəkətlər verilir. Xüsusi nəzərdə tutulmuş məşqlər 1.5 ay müddətində davam etdirilməlidir. Çox uzun olmayan yürüşlər, üzmə, velosiped sürmə bud-baldır əzələlərinin güclənməsinə yardımçı olur ki, bu da dizə düşən yüklənmənin qarşısını alır.
Çəkisi çox olan, piylənməyə məruz qalan insanlarda menisk yırtığı problemləri daha çox rast gəlinir ki, bu da dizə düşən yüklənmədən qaynaqlanır. Belə pasientlərə fizioterapevtlə paralel olaraq arıqlamaq məqsədi ilə dietoloqun da nəzarəti altında olması məsləhət görülməlidir.