R-Touch robotik reabilitasiya sistemi üzrə təlim keçirilib

 

Yeni Robotik Reabilitasiya Mərkəzində R-Touch robotik reabilitasiya sistemi üzrə praktiki təlim təşkil olunub.

Təlim çərçivəsində iştirakçılar cihazın funksional imkanları, terapiya proqramlarının tətbiqi, təhlükəsiz istifadə qaydaları və klinik praktikada istifadəsi ilə bağlı nəzəri və praktiki biliklər əldə ediblər.

R-Touch yuxarı ətrafın reabilitasiyası üçün nəzərdə tutulmuş müasir robotik sistemdir. Cihaz insult, travmatik beyin zədəsi, onurğa beyni zədələri, serebral iflic, periferik sinir zədələri və digər nevroloji xəstəliklərdən sonra əl, bilək və qol funksiyalarının bərpasında tətbiq olunur.

Robotik sistem təkrarlanan və yüksək dəqiqlikli hərəkət məşqlərinin həyata keçirilməsinə, fərdiləşdirilmiş terapiya proqramlarının hazırlanmasına, pasiyentin müalicə prosesində aktiv iştirakının artırılmasına və reabilitasiya nəticələrinin izlənilməsinə imkan verir. İnteraktiv məşqlər və oyun əsaslı terapiya vasitəsilə həm motor, həm də koqnitiv bacarıqların inkişafı dəstəklənir.