İdmançılarımızın heç biri zədəyə görə karyerasını bitirməyib
Dünyada çox məşhur idmançılar var ki, onlar zədələri karyeralarına maneə kimi görmürlər. Azərbaycan təmsilçisi Rafael Ağayev dünyanın 1 nömrəli karateçisidir və xeyli zədəsi var. Peşəkar yarışlarda daha artıq çəkiyə, hündür boya, eləcə də fiziki göstəricilərinə görə uyğun olmayan idmançılarla qarşılaşır. Onda onurğa, diz və digər problemlər var. Rafael möhkəm psixoloji hazırlığa malikdir. Performansı yüksək səviyyədə saxlaya bilib. Millimizin üzvlərindən titullu karateçilərimiz Şahin Atamov, Asiman Qurbanlı, Rafiz Həsənov, Ayxan Mamayev, İlahə Qasımova zədələrə görə dəfələrlə əməliyyat olunublar. İdmançılarımızdan heç biri zədəyə görə karyerasını bitirməyib.
Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində karate üzrə milli komandanın baş həkimi, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Pərvin Əkbərov deyib.
İdman növü düzgün seçilməlidir
“İdmançının gələcəkdə karyerasını davam etdirməməsinə gətirib çıxaran ciddi zədə qazanmaq riskinin səbəblərindən biri də idman növünün düzgün seçilməməsidir. Belə ki, idmana gəlmək istəyən hər bir uşağın fiziki göstəriciləri öyrənilməli və hər hansı növün ona uyğun olub-olmadığı ekspertlər tərəfindən dəyərləndirilməlidir. Belə ki, anadangəlmə və yaxud sonradan qazanılmış dayaq-hərəkət sistemində problem varsa bu, nəzərə alınmalıdır”, - deyə o sözlərinə davam edib: “Çox hallarda bunu məşqçilər və federasiyanın məsul şəxsləri, eləcə də valideynlər bilməyə bilər. Yalnız ilkin müayinələr nəticəsində ortaya çıxır ki, uşaqda onun idman karyerası üçün çox ciddi maneələr törədə bilən müəyyən problemlər var. Daha sonra aydın olur ki, bu problemlər qarşısı alınandır və ona nail olmaqla, həm idmanın inkişafına, həm də gənclərimizin sağlam həyat tərzi keçirmələrinə töhfə vermiş oluruq”.
Zədəyə qədər olan tədbirlər...
Pərvin Əkbərov bu gün aktual mövzulardan birinin də uşaqlarda dayaq-hərəkət sistemi problemləri ilə bağlı olduğunu bildirib: “Dayaq-hərəkət sistemində problemlərin əsas səbəblərindən biri modernləşməyə gedən bir həyat tərzidir. İnnovativ texnologiyalardan istifadə nə qədər çoxalırsa, bu problemlər gözləniləndir. Amma hər hansı bir problem görürüksə - məsələn dizlərdə rotasiya, ayaq altında olan deformasiya, hər hansı bir əzələ qısalıqları, yaxud onurğa sütununda duruş problemi – və bunlara nəzarət ediriksə, həmin yeniyetmə, uşağın seçdiyi idman növündə zədə alması riski xeyli azalır.
..... sırf ağrını müalicə etmək yanlışdır
Komandanın həkimi idmançıda ağrı olarsa onun yaranma səbəblərini öyrənməyin əsas olduğunu bildirib: “Ağrı özü bir siqnaldır. Amma buna görə uşaqları dərmanla, yaxud digər vasitələrlə müalicə etmək olmaz. Sırf ağrını müalicə etmək yanlışdır. Əsas məsələ ağrının yaranma səbəblərini öyrənməkdir. İntensiv məşqlər zamanı ağrılar baş verirsə, yorğunluq və gərginlik olursa, bunlar araşdırılmalı və tədbir görülməlidir”.
Heç bir zədəni diqqətdən kənarda saxlamaq olmaz
“Gənc idmançıların böyüklərə nisbətən daha az zədə alması təbiidir. Onlarda orqanizmin daha elastik olması, əzələ və sümük sistemlərinin strukturlarının tam inkişaf etməməsidir. Metobolizmi, əzələ kütləsi, sümük strukturunun sıxlığı fərqlidir. Bu səbəbdən 10 yaşlı uşağa nisbətən 30 yaşlı insan tam risk altındadır.
Bu, o demək deyil ki, hər hansı bir zədəni diqqətdən kənarda saxlamaq olar. Diz, onurğa və digər yerlərdə uzunmüddətli ağrı olarsa, idmançının karyerasının ən önəmli vaxtlarında ciddi bir ortopedik və ya dayaq-hərəkət sistemi travmaları ilə rastlaşa bilərik. İstənilən idmançının üzərində nəzarət olmalıdır - uşaq dövründən karyerasının tam peşəkar zamanına qədər”, - deyə o sözlərinə davam edib.
Verilən yük fiziki göstəricilərə uyğun olmalıdır
İdmançının fiziki göstəriciləri nəzərə alınmadan həddindən artıq yüklənməsi də zədələnməsinə gətirib çıxarır. Verilən yük fiziki göstəricilərə uyğun olmalıdır. Karate texnikalı idman növüdür. İdmançının fiziki gücü ilə bərabər, tənəffüs sistemi, metabolizm prosesi, qidalanması, istirahət rejimi doğru olmalıdır. Bunlara diqqət etməyib onları fiziki cəhətdən yükləyiriksə, orada heç bir nəticədən söhbət gedə bilməz, yaxud qısa müddətli olacaq.
Yarışdan kənar zədələnmələrlə rastlaşırıq
Həkim zədələnmələrin qarşısını almaq üçün məşq prosesinə də xüsusi diqqətin yetirildiyini vurğulayıb: “Bəzən düşünürlər ki, yalnız yarışlarda ciddi zədələr olur. Təcrübəmdə idmançıların istər məşqlərdə, istərsə də, yarışdan kənar digər vəziyyətlərdə ciddi zədə almaları ilə tez-tez qarşılaşıram. Komandalarda buna xüsusi diqqət yetiririk. Məsələn, isinmə hərəkətlərindən sonra dartınma, gərilmə hərəkətlərinə başlanmalıdır, sonra məşqçi peşəkar məşqləri aparmalıdır. Fiziki hazırlığın olmaması səbəbindən idmançı texnikanı icra edəndə müvazinətini itirə, səndirləyə bilər. Bu hərəkətə beynin reaksiyası gecikdiyi zaman travma ola bilər. Məsələn, futbolçu üçün süni ot örtüyü böyük bir riskdir. Ağırlıq qaldıran zaman texnikanın düzgün icra edilməməsi də ciddi zədəyə gətirib çıxarır. Bu, karatedə də belədir. Səhv icra olunan texnika və yaxud zəncirvari hərəkət düzgün icra edilmirsə, bu da travmaya səbəb ola bilər. Tatami uzun müddət istifadə olunursa, deformasiyaya uğrayırsa diz, topuq və onurğa sütunu mexaniki zədə ala bilər”.
Bərpa prosesi vacibdir
Pərvin Əkbərov bərpa prosesi ilə bağlı tövsiyələrini verib: “Peşəkar idmançılar arasında çox sayda əməliyyat keçirənlər var. Komandamızda onların bərpa prosesinə xüsusi diqqət yetiririk və bunun üçün hər bir şərait yaradılıb. Degenirasiya, diz yırtığı, bağ qopması, hər hansı əzələ dartınması baş verirsə və əməliyyata birbaşa göstəriş yoxdursa istirahət verilir, individual çalışır, reabilitasiya olunur, bundan sonra məşqlərə qatılır. Ümumiyyətlə tövsiyəm budur ki, konservativ müalicə fayda vermirsə, o idmançının vaxtını almaq olmaz, cərrahın müdaxilə etməsi lazımdır. Daha sonra reabilitasiyadan keçməsi önəmlidir. Təkrar idmana dönmək üçün idmançının bütün bərpa mərhələlərini keçməsi vacibdir.
Qızların sağlamlığına karate müsbət təsir göstərir
Qızların son illər döyüş idman növləri, həmçinin karate ilə məşğul olmalarına diqqət çəkən komandanın həkimi bunun onların sağlamlığına müsbət təsir etdiyini bildirib: “Prezident İlham Əliyevin qayğısı nəticəsində Azərbaycanda idmana maraq çox artıb. Son illər digər idman növlərində olduğu kimi, karatedə də aşağı yaş qruplarında qızlarımızın sayı çoxalmaqdadır. Onların arasında beynəlxalq yarışlarda yüksək nəticə göstərənlərin sayı artır. Qızlarımız bu idman növü ilə məşğul olmaqla həm özlərini müdafiə edir, həm də fiziki cəhətdən möhkəmlənirlər.
Digər tərəfdən qeysəriyyə əməliyyatlarının ölkəmizdə olduqca çoxalması sirr deyil. Karateçilərin kiçik çanaq əzələləri çox güclü olur. Karate ilə məşğul olan xanımların uşaq dünyaya gətirməsində bu, böyük bir avantajdır”.