Üçlü sinirin nevralgiyası – Trigeminal nevralgiya

Trigeminal nevralgiya – üçlü sinirin ( üzün ən böyük hissi sinirinin ) xroniki iltihab xəstəliyi olub, paroksizmal ağrı sindromu ilə xarakterizə olunur.

Həmçinin bu xəstəlik üz və ya trigeminal (Latinca “ trigeminus “ – “ üçlü “ deməkdir ) nevralgiya da adlanır .

Statistika

Trigeminal nevralgiya 100 min nəfərə 40-50 halda rast gəlinir. İl ərzində hər 100 min nəfərə 5 xəstələnmə halı baş verir.

Statistikaya görə, bu xəstəliyə daha çox 50 yaşından yuxarı qadınlar məruz qalırlar. Gənclərin xəstələnmə ehtimalı azdır, cəmi bir neçə dəfə məktəbəqədər uşaqlarda xəstəlik halları təsvir edilmişdir.

Etiologiyasi

  • Trigeminal nevralgiya idiopatik, yəni yaranma səbəbi naməlum olan xəstəliklərə aiddir. İndiyədək alimlər arasında xəstəliyə gətirib çıxaran səbəblər haqqınada çoxsaylı diskussiyalar keçirilib, lakin konsensus hələ də əldə edilməmişdir .
  • Trigeminal nevralgiyanın təzahürləri, diş ağrısına bənzəyə bilər,odur ki, bu cür şikayətləri olan xəstələr çox vaxt ilk növbədə stomatoloqa müraciət edirlər. Eyni zamanda xəstə, tamamilə sağlam olan bir dişinin ağrıdığını göstərər ki , bu da həmin dişin səhvən itirilməsinə səbəb ola bilər.
  • Üçlü sinirin nevralgiyasında stress halları; üzdə və ağız boşluğunda keçirilmiş cərrahi əməliyyatlar ağrı sindromunun müvəqqəti zəifləməsinə (bir neçə aya qədər) kömək edə bilir .
  • Adi qeyri-narkotik analgetiklər üçlü sinirin nevralgiyasının müalicəsində effektiv deyil. Onlar yalnız müvəqqəti olaraq ağrını kəsir və getdikcə daha az təsir göstərirlər .
  • Trigeminal nevralgiyalarda olan dözülməz ağrı sindromu xəstənin əsəb sisteminə pozucu təsir göstərərək, depressiya, həyəcan, aqressiv hallar , psixozlara gətirib çıxara bilər.
  • Trigeminal nevralgiyada ağrı tutmasının başlanmasına hətta yüngül bir toxunuş, məsələn, üzə krem çəkilməsi səbəb ola bilər.

Üçlü sinirin nevralgiyasının səbəbləri

Trigeminal nevralgiyanın yaranma mexanizminə görə bu patologiya birincili və ya həqiqi ( yalnız üçlü sinirin təcrid olunmuş zədələnməsi ) və ikincili (sinir sisteminin sistem xəstəliklərinin bir simptomu kimi təzahür edən nevralgiya kimi ) ola bilər.

Trigeminal nevralgiyanın dəqiq səbəbi yuxarıda qeyd olunduğu kimi, indiyədək aydınlaşdırılmadığı üçün idiopatik xəstəliklərə aid edilir. Lakin bu xəstəliyin inkişafına ən çox səbəb olan amillər ayırd edilir .

Üçlü sinirin nevralgiyasının inkişafına kömək edən amillər:

1. Üçlü sinirin və ya onun şaxələrinin kəllə qutusunda və ya onu tərk etdikdən sonra kompressiyası :

– Beyin damarlarının genişlənməsi: anevrizmalar (anormal damar genişlənməsi), ateroskleroz, hemorragik və işemik insult, onurğanın boyun nahiyəsinin ostexondrozu nəticəsində kəllədaxili təzyiqin artması, damar inkişafının anadangəlmə anomaliyaları və s. trigeminal nevralgiyanın ən geniş yayılmış səbəblərindəndir;
– Üçlü sinirin şaxələri boyunca baş beynin və ya üz nahiyəsinin şişləri;
– Travmalar və travmadan sonrakı çapıqlar;
– Gicgah-çənə oynağı nahiyəsində baş verən travmalar;
– İnfeksion- iltihabi proses nəticəsində birləşdirici toxumada birləşmələrin ( adheziya ) yaranması, skleroz nəticəsində sinir liflərinin mielin qişasının dağılması.
– Kəllənin sümük strukturlarının inkişafında anadangəlmə anomaliyalar .

2. Sinirin virus mənşəli zədələnmələri: herpes infeksiyası, poliomielit, neyro-QİÇS .

3. Sinir sisteminin xəstəlikləri:

– Dağınıq skleroz;
– Uşaq serebral iflici ( USİ );
– Meningit, meningoensefalit ( virus, vərəm mənşəli );
– Epilepsiya;
– Başın travmaları, infeksion proseslər, beynin oksigen və qida maddələri ilə təminatının çatışmazlığı nəticəsində yaranan ensefalopatiyalar;
– Üçlü sinirin nüvələri və lifləri nahiyəsində beyin şişiləri və qan dövriyyəsinin pozulması və s .

4. Odontogen səbəblər (dişlərlə əlaqəli):

– Dişlərin pis plomblanması və ya çəkilməsi; üz nahiyəsində və ağız boğluğunda cərrahi müdaxilələrin aparılması;
– Diş kanalların anesteziyasına orqanizmin reaksiyası;
– Dişlərin zədələnməsi ilə müşayiət olunan çənənin travmaları;
– Xəstə diş ətinin iltihabı .

Trigeminal nevralgiyanın inkişaf riskini artıran amillər:

  • xəstənin yaşının 50-dən yuxarı olması;
  • ruhi xəstəliklər;
  • xroniki yorğunluq;
  • stress;
  • üzün hipotermiyası ( məsələn, yelçəkənlərdə );
  • avitaminozlar ( xüsusən də B qrupu vitaminlərinin çatışmazlığı );
  • metabolik pozğunluqlar: podaqra, şəkər xəstəliyi, qalxanabənzər vəzinin xəstəlikləri və digər endokrin xəstəlikləri;
  • helmintozlar ( parazit qurdlar );
  • Aclıq , bağırsaqlarda qida maddələrinin sorulmasının pozulması, bulimiya, anoreksiya;
  • Haymor ciblərinin və digər burunətrafı ciblərin selikli qişasının ödemlı iltihabı ( xroniki sinusitlər );
  • ağız boşluğunda iltihablı proseslər və irinli ocaqlar ( abses, fleqmona ) – gingivit , pulpit;
  • kəllə sümüklərinin, xüsusən də çənələrin irinləməsi ( osteomielit );
  • ağır intoksikasiya ilə keçən kəskin və xroniki infeksion xəstəliklər: malyariya, sifilis, vərəm, brusellyoz, botulizm, tetanus və s.
  • autoimmun xəstəlikləri;
  • ağır allergik xəstəliklər.

Üçlü sinirin nevralgiyasının patogenezinin mexanizmi

Trigeminal nevralgiyanın inkişafının patogenezinə gəldikdə, dünyada bir çox alimləri bu mövzunu uzun illərdir ki, müzakirə edirlər. Üçlü sinirin nevralgiyasının başlanmasına səbəb olan amillərə görə, onun inkişaf mexanizminin iki nəzəriyyəsi təklif olunur :

1. Miyelin qişanın məhv olması

Nevralgiyanın mümkün olan bütün səbəbləri uzun müddətli təsir edərsə , sinir liflərinin miyelin qişasına (qismən və ya tamamilə) zərər verə bilər. Mielin qişası oliqodendrositlərin Şvann hüceyrələri ilə əvəz olunduğu, daha dəqiq desək, mərkəzi sinir sistemi liflərinin periferik sinirlərə keçdiyi yerdə təsirlərə xüsusilə həssasdır. Miyelin qişasının zədələnmə prosesi demyelinasiya adlanır.
Bu zaman sinir lifi müdafiəsiz bir vəziyyətə düşür. Sinir impulsları sinir lifinin hüdudlarından kənara “ axıb gedir “ və yaxınlıqdakı sinir liflərinə yayılır. Nəticədə neyronların güclənmiş qıcıqlanması və ağrı sindromunun yaranması baş verir .
Trigeminal nevralgiya zamanı, adətən sinirin hərəki funksiyası pozulmur, onların hissiyyatı da saxlanılır. Belə ki, sinir impulsun keçirilməsi üçün ciddi bir maneə mövcud deyil.
Sinir liflərinin miyelin qişası zədələndikdə ağrı sindromunun daimi deyil , tutmaşəkilli xarakter daşımasının səbəbi sonadək aydınlaşdırılmamışdır .

2. Mərkəzi sinir sistemi tərəfindən üçlü sinirinin fəaliyyətinin tənzimlənməsinin pozulması

Üçlü sinirin liflərinin zədələnməsi onun hissi şaxələrindən keçən sinir impulslarının tormozlanmasına səbəb olur. Bu, orta və arxa beyində trigeminal sinir nüvələrinin qıcıqlanmasının artmasına səbəb olur. Nəticədə ağrı sindromu yaranır.

Üçlü sinirin zədələnməsinin beyin qabığında epileptik ocaqların inkişafına gətirib çıxara biləcəyi təcrübi olaraq sübut edilmişdir. Bu nəzəriyyənin lehinə, epilepsiyada istifadə olunan qıcolma əleyhinə preparatların trigeminal nevralgiyanın müalicəsində effektli olması şahidlik edir.

Hər bir nəzəriyyədə “qaranlıq ləkələr” olsa da, ağrı sindromunun inkişafında hər iki mexanizminin meydana gəlməsi, yəni bir-birinin ardıcıl şəkildə təqib etməsi ehtimal edilir. Məhz buna görə, trigeminal nevralgiyanın müalicəsi sinir liflərinin myelin qişasının bərpası və baş beyində sinir proseslərinin tormozlanmasına doğru yönəldilmiş kompleks şəklində olmalıdır .

Üçlü sinirin nevralgiyasının simptomları

2 1

Üçlü sinirin nevralgiyasının əsas simptomu üz nahiyəsində ağrının olmasıdır, lakin xəstəliyin digər simptomları və ağırlaşmaları da mövcuddur ki, onlar dözülməz ağrı kimi naratlıq yaratmasalar da əlavə bir simptom kimi trigeminal nevralgiya diaqnozunun təsdiq olunmasına böyük yardım göstərə bilər.

Üz nahiyəsində ağrı. Ağrı sindromu adətən üzün yalnız bir yarısında meydana gəlir. Ağrı tutmaşəkilli və ya paroksizmal adlanır. Ağrı tutmaları sakitləşmə dövrü ilə növbələşirlər. Ağrı dözülməz , ötücü xarakterli olur, onu tez-tez elektrik şoku ilə müqayisə edirlər. Bu anlarda xəstə tutmanın başladığı mövqedə donub qalır, hərəkət etməməyə çalışır, əllərini ağrının lokalizasiyası yerinə sıxır. Ağrı tutmaları bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edir. Sakitləşmə periodu bir neçə saatdan bir neçə aya qədər çəkə bilər. Bəzən xəstəliyin atipik gedişi və ya uzun müddət müalicə olunmadığı hallarında üz və baş ağrısı demək olar ki, daimi olur. Xəstəliyin müddəti artdıqca , tutmaların davam etmə müddəti də artır, remissiya periodu isə qısalır.
Ağrı adətən qıcıqlandırıcı amillərə məruz qaldıqdan sonra yaranır. Üzdə ağrı tutmasının başlaya biləcəyi trigger ( tətik ) adlanan ( ədəbiyyatda alqogenik termini də işlənilir ) nahiyələr vardır ki, onların azacıq qıcıqlanması nəticəsində ağrı tutması yarana bilir. Bu zaman tutma zamanı bu nöqtələrə kobud bir təsir, çox vaxt onun dayandırılmasına gətirib çıxarır

Trigger ( Tətik ) nöqtələrinin lokalizasiyası fərdidir :

  • dodaqlar
  • burun qanadları
  • qaşlar
  • çənənin orta hissəsi
  • çənə – gicgah oynağı
  • yanaqlar
  • xarici qulaq keçəcəyi
  • ağız boşluğu: dişlər, yanaqların daxili səthi, damaq, dil.

Ağrı həmin nöqtələrin güclü zərbə və ya digər kobud amillər nəticəsində qıcıqlandırılması zamanı , həm də əhəmiyyətsiz səbəblərdən :

  • qışqırıq,
  • gülüş, təbəssüm,
  • söhbət,
  • çeynəmə aktı, qida qəbulu,
  • havanın temperaturunun dəyişməsi, yelçəkən,
  • əsnəmək , asqırmaq,
  • dişlərin təmizlənməsi,
  • əl –üzün yuyulması,
  • krem və makiyajın çəkilməsi,
  • üzün təraş edilməsi və s. yarana bilər .

Ağrının lokalizasiyası :

  • Baş, göz qapaqlarının və göz ətrafının, burunun, başın gicgah- təpə nahiyəsi – üçlü sinirin göz şaxəsi zədələndikdə.
  • Üst dişlər, əng nahiyəsi, yuxarı dodaq və yanaqlar – üçlü sinirin maksillyar şaxəsi zədələndikdə .
  • Alt dişlər, çənə nahiyəsi, alt dodaq, ön qulaqətrafı nahiyə – üçlü sinirin mandibular şaxəsi zədələndikdə .
  • Üzün bütün yarısı – Üçlü sinirin bütün şaxələri zədələndikdə və ya nevralqiyanın mərkəzi mənşəli ( beyin şişi və s. ) səbəbləri zamanı .

Üzün və buynuz qişanın qözarması, tüpürcək ifrazının artması, gözün yaşarması, burundan selikli ifrazatın gəlməsi. Bu simptomlar zədələnmiş tərəfdə lokallaşmış olur və ağrı tutması zamanı müşahidə edilir. Üzün hiperemiyası; tüpürcək, göz yaşı və burnun selikli vəzilərinin ifraz etmə funksiyalarının güclənməsi vegetativ sinir sisteminin pozğunluqları ilə bağlıdır. Belə ki, vegetativ sinir lifləri üçlü sinirin şaxələrinin hissi liflərinin tərkibinə daxildir.

Üz əzələlərinin tremoru.

Üz əzələlərinin səyriməsi ağrı sindromu zamanı yaranır və zəif ifadə olunmuş lokal qıcolmaları və ya sinir tiklərini xatırladır. Bu zaman çeynəmə və mimiki əzələlər prosesə cəlb olunur. Göz qapaqlarının spazmı ilə əlaqəli olaraq, xəstə tərəfdə göz yarığının daralması müşahidə edilə bilər. Əzələ səyrimələri güclənmiş oyanıqığın reflektor olaraq üçlü sinirin hərəki liflərinə və üz əzələlərini innervasiya edən digər kəllə – beyin sinirlərinə yayılması səbəbindən baş verir.

Psixi pozğunluqlar. Xəstələr əsəbi olmağa başlayırlar, qorxu və narahatlıq hissi əmələ gəlir. Gülməyin, danışmağın, qida qəbulunun ağrı sindromunun inkişafına gətirib çıxarması nəticəsində xəstə qapalı olur, danışmır, yeməkdən imtina edir. Ağır hallarda intihar meylləri meydana çıxa bilər. Xəstədə psixi pozğunluqlar tez–tez baş verən dözülməz ağrı tutmaları, xəstəliyin illər boyu davam etməsi, tətik zonalarının kiçicik bir səbəbdən qıcıqlanması fonunda ağrı tutmalarının yaranması nəticəsində əmələ gəlir. Xəstələrdə apatiya, psixoz, fobiya, depressiya və s. yaranır.

Üzün həssaslığının pozulması (paresteziya). Zədələnmiş tərəfdə  "iynə batması" , "qarışqa gəzməsi"  hissiyyatı. Karies və pulpit zamanı yaranan küt, sızıldayan diş ağrıları əmələ gələ bilir ki, bu da həmin xəstələri stomatoloqa müraciət etməyə məcbur edir. Bəzən üçlü sinirin şaxələri boyunca dəri həssaslığının olmaması müşahidə edilir. Bu simptom xəstələrin üçdə birində rast gəlinir və ümumiyyətlə, yaxınlaşan ağrı tutmasını ( paroxizmdən bir neçə gün və ya bir neçə ay əvvəl ) qabaqcadan xəbər verən bir əlamət olur. Paresteziyalar sinir liflərinin miyelin qişasının geniş yayılmış məhvi ilə bağlıdır və bu proses hissi sinir lifləri boyunca sinir impulslarının ötürülməsinin pozulmasına və onların oyaniqlığının güclənməsinə səbəb olur.

Qan dövranının və limfanın drenajının pozulması (trofik dəyişikliklər).

  • üzün asimmetriyası,
  • ağız küncünün qalxması,
  • qaşların, yuxarı göz qapağının enməsi,
  • üzün sağlam tərəfində əzələ gərginliyi,
  • dərinin quruması və qabıq verməsi,
  • qırışların yaranması,
  • kirpiklərin və qaşların tökülməsi,
  • dişlərin tökülməsi ( paradontoz ),
  • gicgah və alın nahiyələrində saçların tökülməsi, saşların lokal şəkildə ağarması,
  • çeynəmə əzələlərin zəifliyi.

Üçlü sinirin gedişi boyunca trofik xəstəliklər xəstəliyin yaranmasından bir neçə il sonra baş verə bilər. Üzün əzələlərinin və dərisinin üçlü sinir tərəfindən innervasiyasının pozulması, uzun sürən və tez-tez baş verən ağrı tutmaları nəticəsində üzün zədələnməyə məruz qalmış tərəfində qan dövranı və limfa drenajının pozulması müşahidə edilir. Bu toxumaların qidalanmasının pozulmasına ( oksigen və qidalı maddələrin çatmamazlığı) gətirib çıxarır. Tətik zonalaranı qıcıqlandırmamaq üçün, xəstə üzün zədələnmiş tərəfini gücə salmamağa çalışır: qidanı sağlam tərəfi ilə çeynəyir, ağzını geniş açmır, gülümsəmir və s.

Nəticədə bu, çeynəmə və üz əzələlərinin atrofiyasına (əzələ toxumasının kütləsinin azalması, onların funksiyasının zəifləməsi ), bu isə öz növbəsində üz əzələlərinin və dərisinin trofikasının pozulmasına gətirib çıxarır. Trigeminal nevralgiya adətən birtərəfli inkişaf edir və çox vaxt sağtərəfli olur. Xəstəliyin gedişatı ilə ağrının lokalizasiyası dəyişmir. Yalnız baş beynin ağır patologiyaları zamanı prosesin üzün ikinci yarısına yayılması mümkündür.

Üçlü sinirin nevralgiyasının diaqnozu

3 1

Həkim müayinəsi

1. Həyat anamnezi : üçlü sinirin nevralgiyasına səbəb ola biləcək amillər və xəstəliklər ( şişlər, baş beynin damar patologiyası , keçirilmiş xəstəliklər , ağız boşluğunda və ya üz nahiyəsində aparılmış cərrahi müdaxilələr və s . ) .

2. Xəstəlik anamnezi :

– xəstəliyin başlanğıcı kəskin, qəflətidir. Xəstələr aydın şəkildə xatırlayırlar ki, ilk dəfə harada və hansı şəraitdə paroksizmal ağrının birinci tutması başlamışdır,
– ağrı tutmaları remissiya dövrləri ilə əvəz olunur,
– ağrı sindromu, üçlü sinirin tətik bölgələrindən birinin kiçik bir qıcıqlanması nəticəsində yaranır,
– proses birtərəfli xarakterlidir,
– ağrılar iltihab əleyhinə və analgetik preparatlar tərəfindən dayandırılmır.

3. Şikayətlər: qəflətən tətik zonalarının qıcıqlandırılmasından sonra başlanan dözülməz ağrı tutmaları və trigeminal nevralgiyanın digər simptomları ( yuxarıda sadalanmışdır ) barəsində olur.

4. Tutmalararası dövrdə obyektiv müayinə:

– Xəstənin ümumi vəziyyəti adətən qənaətbəxş olur, huşu aydındır, nevrotik hallar və xəstənin psixi vəziyyətinin pozulması ola bilər .
– müayinə zamanı xəstə tətik nahiyələrinə toxunmağa icazə vermir, özü isə ağrıyan yeri dəri və ya selikli qişalara barmaqları ilə toxunmadan göstərir.
– Dəri örtüyündə adətən dəyişiklik olmur. Xəstəliyin ağır və uzun müddətli gedişi zamanı dərinin quruması və qabıq verməsi, qırışlar, üzün asimmetriyası, ptoz və üz əzələlərinin atrofiyasının digər simptomları ola bilər. Görünən selikli qışalar dəyişiksizdir.
– bəzən üzün dərisinin həssaslığının pozulması (paresteziya) qeyd edilir. Adətən müayinə zamanı daxili orqanlar ( ürək-damar, tənəffüs, həzm və orqanizmin digər sistemləri ) tərəfindən patoloji dəyişikliklər yoxlama zamanı aşkar edilmir.
– mərkəzi sinir sisteminin patologiyası olmadıqda üçlü sinirin nevralgiyası olan xəstələrdə nevroloji statusda dəyişikliklər qeyd edilmir. Meningeal qişaların iltihab əlamətləri ( meningeal simptomlar ) və patoloji reflekslər qeyd edilmir.
Baş beynin patologiyası ocaqlı simptomatika qeyd edilə bilər (məsələn, yuxarı göz qapağının enməsi və ya ptoz, bəbəklərin ölçülərində fərq və ya anizokariya , xəstənin məkanda oriyentasiyasının pozulması əlamətləri, tənəffüsün tezliyinin və keyfiyyətinin dəyişilməsi, bağırsağın parezi və orta beynin və arxa beynin zədələnməsinin digər spesifik nevroloji simptomları ). Bu cür simptomatikanın aşkar edilməsi baş beynin əlavə instrumental müayinələrinin aparılmasını tələb edir .

5. Paroksismal ağrı tutması zamanı xəstənin obyektiv müayinəsi:
– ağrı üçlü sinirin tətik zonalarına təsir etdikdən sonra baş verir və ağrı yalnız trigeminal sinirin şaxələri boyunca yayılır .
– xəstənin aldığı vəziyyət: donub qalır və ya əlləri ilə üz əzələlərini ovuşdurmağa çalışır, suallara cavab vermir və ya qısa ifadələrlə cavab verir. Bu zaman xəstənin siması çox qorxmuş və əzabkeş bir ifadə alır.
– üz dərisi tərləyir, xəstə tərəfdə üzün dərisi və buynuz qişaları qızarır, göz yaşı ifrazı artır, ağız suyu ifrazının güclənməsi səbəbindən xəstə tez-tez tüpürcəyini udmaq məcburiyyətində qalır, burundan külli miqdarda selikli ifrazatın gəlməsi qeyd edilir.
– Birtərəfli olaraq mimiki əzələlərin səyriməsi əmələ gələ bilər.
– xəstənin tənəffüs sürəti azalır və ya əksinə, artmış olur.
– Nəbz sayı artır ( dəqiqədə 90-dan çox ), qan təzyiqi dəyişmir və ya bir az artır.
– Üçlü sinirin tətik nöqtələrini basarkən, ağrı tutması müvəqqəti dayandırıla bilər.
– Üçlü sinirin Novokain blokadası zamanı ( üçlü sinirin şaxələri boyu Novokainin yeridilməsi ) ağrı tutmasını müvəqqəti olaraq kəsmək olur .
Diaqnoz spesifik şikayətlər, tətik zonalarının mövcudluğu , ağrının üçlü sinirin şaxələri boyunca yayılması, yuxarıda sadalan simptomların ağrı tutmaları zamanı yaranması, obyektiv müayinə, instrumental diaqnostikanın nəticələrinə əsasən qoyulur.

Instrumental müayinə metodları
Baş və onurğa beyininin Maqnit – rezonans tomoqrafiyası ( MRT )
MRT baş beynin strukturlarını, onun damarlarını, kəllə-beyin sinirlərinin nüvələrini və şaxələrini müayinə etmək üçün ən informativ metoddur .
Bu üsul vizualdır ( yəni biz kağız üzərində və ekranda dəqiq üçölçülü təsvir alırıq ). Lakin , rentgenoloji müayinədən fərqli olaraq, MRT maqnit şüalanmasına əsaslanır. Yəni, xəstə üçün təhlükəsizdir.
Üçlü sinirin nevralgiyasına şübhə varsa, MRT müayinəsi beyin şişlərini, damar xəstəliyini, diffuz və ya dağınıq sklerozu və xəstəliyin digər mümkün səbəblərini aşkar etmək və ya istisna etmək üçün lazımdır .
Beyin damarlarının patologiyasını daha dəqiq öyrənmək üçün damarlara kontrast maddənin vurulması ( angioqrafiya ) ilə MRT tətbiq olunur .

Metodun mənfi cəhətləri:

müayinənin bahalı olması;
• Əks göstərişlər: bədəndə metal obyektlərin olması ( qəlpələr, kardiosimulyatorlar, mürəkkəb sümük sınıqları zamanı osteosintez üçün istifadə edilən metallic lövhəciklər, metallik diş protezləri və diş tacları ), ağır psixi xəstəliklər, klaustrofobiyaıar.

Komrüter tomoqrafiya ( KT )
KT – rentgenoloji diaqnostika metodu olub, baş və onurğa beyni strukturlarının laylarla vizualizasiyasına imkan verir . İmformativliyinə görə MRT-dən bir qədər geri qalır. Belə ki, MRT üçölçülü bir görünüş, KT isə yalnız ikiölçülü bir görünüş yaratmağa imkan verir. KT müayinəsi sinir sisteminin trigeminal nevralgiyanın inkişafına səbəb ola bilən xəstəliklərini aşkar edilməsinə imkan verir.

Kompüter tomoqrafiyanın əsas mənfi cəhəti böyük radiasiya yükü və yüksək qiymətdir ( lakin KT üsulu MRT-dən daha ucuzdur ).

Elektroneyroqrafiya

Elektroneyroqrafiya – sinir sisteminin instrumental müayinə metodu olub, periferik sinirlərin lifləri boyunca elektrik cərəyanının ( impulsların ) ötürülmə sürətini müəyyən etməyə imkan verir .

Elektroneyroqrafiya nəyi müəyyən edir?

  • sinirin zədələnməsini,
  • zədələnmənin səviyyəsini ( topic diaqnostikanı ),
  • zədələnmənin patogenezini ( miyelin qişasının və ya aksonun zədələnməsini ),
  • prosesin yayılma dərəcəsini .

Üçlü sinirin nevralgiyası zamanı hansı dəyişiklikləri aşkar etmək olar?

  • trigeminal nevralgiyanın patogenezində əsas amil olan demiyelinizasiya ( aksonların miyelin qişasının zədələnməsi ),
  • Sinir sisteminin xəstəliklərini differensiasiya etməyə imkan verən digər mənşəli sinir zədələnmələri üçün xarakterik olan başqa növ sinir dəyişikliklərini .

Elektroneyromioqrafiya (ENMG)

ENMG – elektroneyroqrafiyanın bir növü olub, periferik sinir boyunca elektrik cərəyanının yayılma sürətinin tədqiq edilməsinə parallel olaraq, həmin sinirlə innervasiya olunan əzələnin reaksiyasını öyrənməyə imkan verir.

Elektroneyroqrafiyanın müəyyən etdiyi parametrlərlə yanaşı, ENMG ağrıya tolerantlığı və üçlü sinirin mümkün ola bilən tətik zonalarının həssaslıq dərəcəsini, həmçinin sinirlərin oyanıqlığının güclənməsinə cavab olaraq əzələ liflərinin yığılma dərəcəsini müəyyən edir .

Elektroensefaloqrafiya ( EEQ )

EEQ – sinir sisteminin diaqnostika metodu olub, xüsusi aparat – elektroensefaloqraf vasitəsilə baş beynin bioloji elektrik aktivliyini qeyd edərək, onları əyri xətlər şəklində kağız üzərində əks etdirir . Bu üsul bizə impulsların ötürülməsinin konkret olaraq hansı strukturlarda pozulduğunu müəyyən etməyə imkan verir.

Üçlü sinirin nevralgiyasının paroksizmal tutması zamanı EEQ nəyi aşkar edir?

  • sinxronizasiya edilmiş və ya sinxronizasiya edilməmiş növlərdə əyrilərin dəyişməsi ;
  • arxa və orta, üçlü sinirin nüvələrinin yerləşdiyi nahiyələrdə epilektik ocaqların olması əlamətləri .

Üçlü sinirin nevralgiyasında dar ixtisas mütəxəssislərinin əlavə məsləhətləri :

  • LOR – burun-udlağın xroniki xəstəliklərini aşkar etmək və zərurət yarandıqda müalicə etmək lazımdır.
  • Neyrocərrah – nevralgiya inkişafına gətirib çıxara bilən mərkəzi sinir sisteminin patologiyası aşkar edildikdə, cərrahi müalicəyə ehtiyacın olması məsələsini həll etməlidir.
  • Stomatoloq – üçlü sinirin nevralgiyasının diş xəstəlikləri ilə differensiasiyasını aparmaq və lazım gələrsə, ağız boşluğunun sanasiyasının icra edilməsi .

Laborator tədqiqat üsulları

Üçlü sinirin nevralgiyası zamanı laborator diaqnostika çox informativ deyil, ümumiyyətlə qan və digər bioloji mayelərin biokimyəvi göstəriciləri norma daxilində olur . Hal-hazırda üçlü sinirin nevralgiyası da daxil olmaqla , nevralgiyanı əks etdirən spesifik laborator göstəricilər mövcud deyil .

Nevralgiyanın müalicəsi üçün dərmanların qəbul edilməsi fonunda orqanizmin onlara tolerantlığına nəzarət etmək vacibdir. Bunun üçün periodik olaraq qaraciyərin biokimyəvi testlərini, sidik və qanın ümumi analizini aparmaq lazımdır .

Meningeal qişaların iltihabı əlamətləri (meningeal simptomlar) olduqda onurğa beyninin fuksiyasını və bu müayinə nəticəsində əldə edilən serebrospinal mayenin laborator tədqiqatını keçirmək lazımdır. Bu, meningit diaqnozunu istisna etmək üçün lazımdır.
Üçlü sinirin herpetic zədələnməsi zamanı herpesin I, II, III növlərinə İmmunoqlobulin A, M , G- in səviyyələrini nəzarətdə saxlamaq lazımdır .

Üçlü sinirin nevralgiyasının müalicəsi

Trigeminal nevralgiyanın müalicəsi kompleks şəklində aparılmalıdır:

  • trigeminal nevralgiyanın inkişafına gətirib çıxaran səbəblərin aradan qaldırılması.
  • mərkəzi sinir sisteminin qıcıqlanmasının azaldılması.
  • zədələnmiş üçlü sinirin miyelin qişasının bərpasının stimullaşdırılması – hal-hazırda mielin qişasını tam bərpa etməyə kömək edən dərman vasitəsi mövcud deyil, belə bir effektiv preparatın yaradılması üçün dünyanın bir çox alimləri çalışırlar. Lakin miyelin qişasının bərpasını stimullaşdıran bəzi tədbirlər həyata keçirilir;
  • üçlü sinirin şaxələrinə və tətik zonalarına fizioterapevtik üsullarla təsir.

Trigeminal nevralgiyanın dərmanlarla müalicəsi

1. Antikonvulzanlar ( preparatın seçimi və dozanın təyini fərdi olaraq həyata keçirilir)

Təsir mexanizmi:

  • antiepileptik,
  • psixotrop təsir,
  • trigeminal nevralgiyada ağrı tutmalarını dayandırmaq və qarşısını almaq.

Onların əsas təsiri – sinir impulslarını ötürən akson membranının natrium – kalium kanallarının sabitləşdirilməsidir. Bunun nəticəsində, üçlü sinirin liflərinin və onun baş beynin orta və arxa şöbələrində yerləşən nüvələrinin oyanıqlığının azalması əldə olunur.

Digər effektləri: Qlütamatatın ( sinir impulsunun tormozlanmasına səbəb olan neyromediator ) ifrazı və sinir liflərinin oyanıqlığına səbəb olan neyromediatorların ( Dofamin və Noradrenalin ) sintezini tormozlayır.

Diqqət edin! Antikonvulsant preparatlar psixotrop dərmanlara aiddir və bir çox əlavə təsirləri mövcuddur. Odur ki, onlar aptekdə yalnız həkimin resepti ilə satılırlar.

– Karbamazepin ( Finlepsin ) . Preparat tədricən , kiçik dozalarla verilməyə başlayır, sonradan dozanı artırırlar. Müalicəni sutkada 2 dəfə, 100-200 mq-dan başlayırlar, sonradan dozanı sutkada 400 mq-dan 2-3 dəfə, ağrı tutmaları kəsənədək artırırlar. Sonradan dozanı müalicəvi effekti sabit saxlamaq məqsədilə sutkada 2 dəfə, 100-200 mq – a qədər azaltmaq mümkündür. Müalicə uzun müddətlidir.

– Fenitoin ( Difenin ). Müalicəni sutkada hər kq-a 3-5 mq dozadan başlayırlar. Sonra dozanı sutkada 200-500 mq-a qədər artırırlar. Təyin olunmuş dozanı bir dəfəyə və ya sutkada 2-3 dəfə, mütləq yemək vaxtı və ya yeməkdən sonra qəbul etmək lazımdır. Müalicə uzun müddətlidir.

– Lamotricin. Başlanğıc doza – sutkada 1 dəfə, 50 mq – dır. Sonradan dozanı sutkada 2 dəfə, 50 mq – a qədər artırırlar. Müalicə uzun müddətlidir.

– Qabantin. Bu preparatın təsir mexanizmi sonadək aydınlaşdırilmamışdır. Lakin onun üçlü sinirin nevralgiyasının müalicəsində yüksək effektivliyi təcrübi yollarla sübuta yetirilmişdir. Başlanğıc doza – sutkada 300 mq-dır, maksimal doza – sutkada 1800 mq – dır. Preparat sutkada 3 dəfə qəbul olunur.

– Stazepin. Başlanğıc doza – sutkada 200 mq-dır. Sonradan dozanı sutkada 600 mq-a qədər artırırlar. Dərman sutkada 3 dəfə qəbul edilir.

2. Miorelaksantlar.

Miorelaksantların tətbiqi aşağıda sadalanan effektləri verir:
– sinir hüceyrələrinin oyanıqlığının tormozlanması;
– əzələlərin tonusunun azaldılması;
– aksonların membranlarının natrium-kalium kanallarının stabilizasiyası;
– sinir impulslarının sinir lifləri boyu yayılmasının tormozlanmasına səbəb olur;
– kalsiumumun sinapslara daxil olmasına mane olur;
– baş beynin qanla təchizatını yaxşılaşdırır;
– ağrıkəsici effekti vardı .

  • Baklofen – Bu preparat qamma –amin yağ turşusu ( QAYT ) neyromediatorunun sintezini tənzimləməsi hesabına nevralgiyanın müalicəsində effektlidir. Başlanğıc doza gündə 3 dəfə, cəmi 15 mq-dır. Tədricən bu dozanı sutkada 3 dəfə, ümumi olaraq 30-75 mq-a qədər artırırlar .
  • Midokalm – başlanğıc doza sutkada 3 dəfə , cəmi 150 mq , maksimal doza – sutkada 3 dəfə, cəmi 450 mq-dır.

3. Vitamin preparatları .

B qrupu vitaminləri ( Neuromultivit,  Neurovitamin, Trivitron, Milqamma və digər komplekslər )

  • antidepressiv təsiri var,
  • xarici amillərin sinir hüceyrələrinə mənfi təsirlərini azaldır,
  • aksonların miyelin qişasının tədricən bərpası proseslərində və həm periferik, həm də mərkəzi sinir sisteminə münasibətdə bir çox effektiv təsirlərdə iştirak edir. 1 tabletdən gündə 3 dəfə yemək zamanı qəbul etməli. İnyeksiya formaları günaşırı olaraq əzələyə 2-3 ml yeridilir.

4. Doymamış yağ turşuları Omega-3 ( qida əlavələri ) . Doymamış yağ turşuları miyelin qişasının qurulması üçün bir materialdır. Gündə 1-2 kapsul yemək zamanı qəbul edilir.

5. Antihistaminlər – Dimedrol, Pipalfen. Antikonvulsantların təsirini gücləndirir. Dimedrol – gecə yatmadan əvvəl 1% – 1 ml, Pipalfen – 2,5% – 2 ml yatmazdan əvvəl inyeksiya şəklində tətbiq edilir .

6. Qlisised ( Qlisin ). Qlisin – amin turşusu olub, sinir sisteminin oyanıqlıq proseslərini tormozlayan bir neyrotransmitterdir. Sakitləşdirici, stresə qarşı təsirə malikdir , yuxunu normallaşdırır. Sutkada 3 dəfə, 2 tableti dil altına qoymaq lazımdır .

7. Neyroleptik və antidepresant dərmanlar .
Aminazin – ötürücü sinir liflərindən impulslar alan reseptorları blokada edir. Bununla əlaqədar dərman sakitləşdirici təsir göstərir və kəskin və xronik psixozlarda psixotik reaksiyaları azaldır. Hər 4-6 saatdan bir 20-100 mq dozada daxilə qəbul edilir. Dərmanın inyeksion formada tətbiqi kəskin psixotik reaksiyalar zamanı effektivdir. Birdəfəlik olaraq 25-50 mq inyeksiya olunur. Lazım gələrsə, dərman təkrar şəkildə inyeksiya olunur. Bu dərmanın qəbulu xəstənin psixi vəziyyətinin normallaşmasına qədər davam etdirilir.

Amitriptilin. Neyromediatorların ifrazını tənzimlədiyinə görə antidepressiv effekt göstərir. İlkin doza: 3 qəbula 75 mq, sonra isə doza 3 qəbula 200 mq-a qədər artırılır. Dərmanın yemək zamanı qəbulu məsləhət görülür .

Ağır gedişli trigeminal nevralgiyada, davamlı ağrılar zamanı hətta narkotik vasitələrin ( Natrium- oksibutirat,  Kokain,  Morfin və s. ) təyini tövsiyə edilir .

Əvvəllər üçlü sinirin şaxələrinin 80%-li etil spirti (alkolizasiya), Qliserin və Novokainlə blokadaları geniş yayılmışdı. Lakin hazırda sübut edilmişdir ki, sürətli analgezik təsirinə baxmayaraq, bu prosedurlar üçlü sinirin əlavə travmatizasiyasına və miyelin qişasının dağılmasına səbəb olur ki, bu da yaxın müddət ərzində ( artıq yarım il sonra ) xəstəliyin qısa müddətli remissiyalar və uzun sürən ağrı tutmaları şəklində proqressivləşməsinə səbəb olur.

Mütləq şəkildə xəstəliyin inkişafına gətirib çıxara biləcək halların korreksiyası aparılmalıdır:

  • LOR – patologiyasının müalicəsi,
  • baş beynin damar xəstəliklərinin müalicəsi,
  • ağız boşluğunun adekvat sanasiyası,
  • infeksion xəstəliklərin antibakterial ( və ya antiviral ) və immunoqoruyucu müalicəsi,
  • travmalar, cərrahi əməliyyatlar və infeksion proseslərdən sonra birləşdirici toxumanın artımının ( çapıqların ) qarşısını almaq. Bu məqsədlə biostimulyatorlardan ( Aloe və plasenta ekstraktları, FİBS ), qlükokortikosteroidlərin ( hormonların ) kiçik dozalarla qısa müalicə kurslarından və fizioterapevtik prosedurlardan müvəffəqiyyətlə istifadə olunur,
  • metabolizmin pozulması zamanı onun normallaşdırılması ( pəhriz, vitamin terapiyası, hormonal fonun korreksiyası və s. ),
  • digər xəstəliklərdən və vəziyyətlərdən asılı olaraq başqa fəaliyyət növləri .

Trigeminal nevralgiya zamanı cərrahi müalicə
Trigeminal nevralgiyanın cərrahi müalicəsi, yalnız onun əməliyyatdan sonrakı ağırlaşmalar problemlərini minimal risklə effektiv surətdə həll edilə biləcəyi təqdirdə tövsiyə olunur. Həmçinin, dərman müalicəsindən klinik effekt olmadıqda ( 3 ay müddətində müsbət nəticələr olmadığı təqdirdə ) yüngülləşdirici cərrahi manipulyasiyalar təklif olunur .

1. Nevralgiyaya səbəb olan problemlərin cərrahi müdaxilə üsulu ilə həll edilməsi:
– beyin şişlərinin çıxarılması ( əməliyyatın həcmi şiş prosesinin növü, yeri və dərəcəsi ilə müəyyən edilir );
– Mikrovaskulyar dekompressiya – üçlü sinirin və ya onun nüvəsini sıxan genəlmiş qan damarlarının yerinin dəyişdirilməsi və ya rezeksiyası;
– daralmış infraorbital kanalın genişləndirilməsi ( üçlü sinirin ı şaxəsinin çıxma yeri ) – kəllə sümükləri üzərində minimal invaziv cərrahi əməliyyat .
Üçlü sinirin kompressiyasına səbəb olan amillərin effektiv aradan qaldırılması ilə, çox hallarda trigeminal nevralgiya tutmaları keçib gedir, nəticə – sağalmadır .

2. Üçlü sinirin keçiriciliyinin azaldılmasına yönəlmiş cərrahi müdaxilə:
– Kiber Bıçaq – trigeminal nevralgiya zamanı müasir effektiv müalicə metodudur. Bu zaman, digər travmatik əməliyyatlardan fərqli olaraq, ağırlaşmalar riski minimaldır ( orta hesabla 5% ). Kiber Bıçaq – deşilmə, kəsilmə və digər travmatik manipulyasiyalar tələb etməyən bir radiocərrahiyyə üsuludur . Xəstəxanadan kənar ( ambulator şəraitdə ) aparılması mümkündür. Bu üsul – üçlü sinirin nüvəsinin və ya onun sinir liflərinin güclənmiş oyanıqlıq nahiyəsinə nazik radiaktiv şüanın təsirinə əsaslanır
– Gamma Bıçaq – Kiber Bıçaq kimi, radiocərrahiyyə metodudur. Bu zaman radiaktiv şüa toplusu trigeminal ganglionu məhv edir. Bu üsulun da ağırlaşma riski azdır. Effektivliyi Kiber Bıçaqdan – dan daha azdır.
– Trigeminal qanqlionun hava ballonu ilə kompressiyası – dəri vasitəsilə trigeminal qanqlion nahiyəsinə kateter yeridilir, onun vasitəsilə ballon quraşdırılır və o , hava ilə doldurulur . Bu ballon qanqlionu sıxır və vaxt keçdikcə üçlü sinirin şaxələrini məhv edir ki, nəticədə sinir impulslarınin mərkəzi sinir sisteminə ötürülməsini aradan qaldırır . Bu metod müvəqqəti təsirə malikdir və ağırlaşmaların inkişafına gətirib çıxara bilər ( üzün keyiməsi, əyilmiş mimika, çeynəmə aktının pozulması ) .
– trigeminal qanqlionun rezeksiyası – mürəkkəb travmatik əməliyyat olub, kəllənin trepanasiyasını, qanqlionun neştərlə kəsik aparmaqla aradan götürülməsini və əməliyyatdan sonra uzun müddətli bərpa periodu tələb edir. Bu üsul ağırlaşmaların inkişafı üçün böyük risk mənbəyidir .
– Trigeminal gangliyon və ya trigeminal sinir şaxələrinin çıxarılmasına yönəldilmiş digər cərrahi prosedurlar travmatik olur və tez-tez ağırlaşmalar verir .

Cərrahi müalicə üsulunun seçimi aşağıdakı səbəblərdən asılıdır :

  • tibbi müəssisənin və cərrahların imkanlarından ,
  • xəstənin maliyyə imkanları ( radiocərrahiyyə üsulları kifayət qədər bahalıdır ) ,
  • yanaşı gedən xəstəliklərin olması ,
  • xəstənin ümumi vəziyyəti ,
  • nevralgiyanın inkişafına gətirib çıxaran səbəblər ,
  • müəyyən bir əməliyyat növü üçün fərdi göstərişlərin və əks – göstərişlərin olması ,
  • xəstənin orqanizminin dərman müalicəsinə reaksiyası ,
  •  əməliyyatdan sonrakı ağırlaşmaların yaranma riski və s .

Üçlü sinirin nevralgiyası zamanı fizioterapiya

Fizioterapiya – trigeminal nevraliyada ağrı sindromunun aradan qaldırılması üçün çox effektiv bir müalicə metodudur. Zədələnmə dərəcəsindən, residivlərinin tezliyindən, nevralgiyanı yaradan səbəblərdən asılı olaraq, üçlü sinir və ya onun nüvələrinə fiziki təsirlərin bu və ya digər üsulu təyin edilir .

1. Üz və boynun ultrabənövşəyi şüalanması ( UBŞ ) . Ağrı sindromunun aradan qaldırılması. Ultrabənövşəyi şüalanma ( məhz orta dalğalı ) sinir liflərinin oyanmasını tormozlayan neyromediatrların və təbii analgetiklərin ifraz olunmasına səbəb olur . Müalicə müddəti – 10 seansdır .

2. Lazer terapiyası . Ağrı sindromunun qarşısının alınması və üçlü sinirin lifləri boyunca sinir impulslarının keçirilməsinin tormozlanması effekti vardır . Lazer, üçlü sinirin hər bir şaxəsinin və bu sinirin yaratdığı düyünlərin lokalizasiya sahələrinə təsir edir. Lazer şüalanması sinir liflərinin həssaslığını azaldır. Orta hesabla, hər biri 4 dəqiqə olmaqla , 10 prosedur tövsiyə olunur.

3. Ultra yüksək tezlikli cərəyan ( UYTC ) .Ağrı sindromunu aradan qaldırmaq və mikrosirkulyasıyanı yaxşılaşdırmaq effektləri vardır. Həmçinin , mimiki və çeynəmə əzələlərinin atrofiyası zamanı da tətbiq olunur. Ultra yüksək tezlikli cərəyana məruz qalma:

  • Təsirə məruz qalan ərazilərdə toxumalar tərəfindən enerjinin udulması , onlardan istilik yayılması şəklində meydana çıxır ;
  • Qan dövranını, limfanın drenajı yaxşılaşır ;
  • Sinir impulslarını ötürən sinir liflərinin membranının natrium – kalium kanallarının qismən normallaşdırılması.

Hər biri 15 dəqiqə olmaqla , 15-20 seans.

4. Elektroforez. Ağrıkəsici və əzələri boşlayıcı təsirləri vardır. Elektroforez – elektrik cərəyanının köməyi ilə bilavasitə sinirlərin lazım olan hissəsinə dərman vasitələrinin yeridilmə metodudur .

Ağrını kəsmək üçün aşağıdakı prepatlar daxil edilir :

  • Novocain,
  • Dimedrol,
  • Platifillin.

Bu maddələr sinir impulslarının sinir boyunca ötürülməsinə kömək edən kalium-natrium kanallarını blokada edirlər .

Elektroforezin köməyi ilə həmçinin B qrupu vitaminlərini də yeritmək mümkündür ki, bu da sinirin və zədələnmiş miyelin qişasının qidalanmasını yaxşılaşdırır. Bu prosedurları günaşırı olaraq digər fizioterapiya üsulları ilə növbələşdirmək məsləhətdir . Müalicə kursu yalnız 10 prosedurdur .

5. Diadinamik cərəyanlar. Ağrıkəsici, sonrakı paroksizmal tutmalar zamanı ağrı intensivliyinin azaldılması, remissiya dövrlərini uzatmaq effektləri vardır. Bu üsulda Bernar cərəyanından istifadə edilir. Bernar cərəyanları, tezliyi 50000 herz olan elektrik impulsudur. Elektrodlar, burnun selikli qişası da daxil olmaqla, üçlü sinirin trigger zonalarına yerləşdirilir. Bernar cərəyanı ağrı həssaslığının kəndarını aşağı salır, üçlü sinirin şaxələrini blokada edir və beləliklə, ağrı sindromunun intensivliyini azaldaraq, onu tamamilə dayandırır. Diadinamik cərəyanlar elektroforez və digər fizyoterapiya üsulları ilə birlikdə istifadə edildikdə yüksək effekt verir. 5-7 gün fasilə ilə 5 gün davam edən bir neçə kurs məsləhət görülür . Prosedur 1 dəqiqə davam edir.

6. Massaj. Mimiki və çeynəmə əzələlərinin atrofiyasının profilaktikası və müalicəsi üçün tətbiq edilir. Üz, baş və boyun əzələlərinin massajı qan dovranını və limfanın drenajını yaxşılaşdıraraq, onların qidalanmasını gücləndirir. Massaj diqqətlə həyata keçirilməlidir: tətik zonalarına təsir etməməli və ağrı tutmalarının inkişafına səbəb olmamalıdır. Sığallama, vibrasiya və ovuşdurma hərəkətlərindən istifadə edilir. Massaj yalnız xəstəliyin davamlı remissiyası fonunda təyin edilir. Müalicə müddəti 10 seansdır.

7. İynərefleksoterapiya ( akupunktur ). Ağrı sindromunun aradan qaldırılması məqsədilə tətbiq edilir. Akupunktur sinir liflərinə impulsları ötürən sinir reseptorlarına təsir edir. Prosedur zamanı tətik zonalarında bir neçə nöqtə və əks tərəfdən uzaqdan bir neçə nöqtə seçilir. Bəzən iynələr uzun müddətə – bir sutka və ya daha uzun müddətə batırılır, batırılmış iynələri vaxtaşırı olaraq burmaq lazımdır. Müalicə müddəti fərdi olaraq seçilir, çox vaxt cəmi bir neçə prosedur kifayət edir.

Bütün fizioterapevtik metodlar dərman terapiyası və xəstəliyin inkişafına səbəb olan amillərin aradan qaldırılması ilə birlikdə tətbiq edilməlidir. Çünki monoterapiya şəklində fizioterapevtik prosedurların effekti olmur.

Üçlü sinirin nevralgiyasının profilaktikası

  1. LOR orqanlarının kəskin və xroniki xəstəliklərinin müalicəsi, ağız boşluğunun vaxtında sanasiyası və s. üçün vaxtında tibb müəssisələrinə müraciət etmək.
  2. Daxili orqanların, endokrin vəzilərin, sinir və ürək-damar sistemlərinin xəstəliklərini vaxtında müəyyən etmək üçün İllik profilaktik tibbi müayinələr.
  3. Üzün və başin travmalarından qorunmaq.
  4. Yelçəkənlərdən və digər hipotermiya vəziyyətlərindən qorunmaq.
  5. Qan təzyiqinə nəzarət; arterial hipertoniya, vegetativ-damar distoniyası, ateroskleroz və digər qan-damar xəstəliklərinin müalicəsi.
  6. Sağlam həyat tərzi:
    • Tamdəyərli fiziki fəaliyyət ;
    • Tamdəyərli yuxu və istirahət ;
    • Stressli vəziyyətlərə adekvat reaksiyanın verilməsi ;
    • Kifayət qədər vitamin, minerallar, doymamış yağ turşuları və amin turşuları ilə zəngin olan sağlam bir pəhriz ;
    • Orqanizmin möhkəmləndirilməsi ;
    • Siqaret çəkməkdən, narkotik maddələrin qəbulundan və alkoqollardan sui-istifadədən və s. imtina edilməsi .
  7. Üzdə ağrılar zamanı özünümüalicə ilə məşğul olmaq olmaz . Yadda saxlayın ki , hər hansı bir manipulyasiya trigeminal nevralgiyanın gedişatını ağırlaşdıra bilər.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur