Replantasiya əməliyyatlarından sonra reabilitasiya

Hər hansı bir nəfərin bədəni ilə təmamilə əlaqəsi kəsilmiş olan barmaq , əl, qol kimi bir üzvünün yenidən yerinə cərrahi olaraq tikilməsinə replantasiya deyilir. Bu cərrahiyyənin məqsədi qopmuş parçanın ilk halına və funksiyasına bənzər vəziyyəti bərpa ediləcək şəkildə yerinə qoyulmasıdır. Bəzi hallarda yaralanan bölgə o qədər xəsarət görür ki, ətraf yerinə tikilə bilinmir. Bu kimi vəziyyətlərdə şəxs itirilən ətrafın yerinə protez adı verilən cihazlar istifadə edərək funksiyasını qismi olaraq bərpa edir.

Replantasiyası olmuş ətrafda uyğun qan dövranı və funksiya əldə etmək çətindir. Erkən dövrdə ətrafın canlı qalması, edilən mikroanastamozun düzgünlüyü və erkən postoperativ xidmətin səviyyəsi ilə əlaqədar olsa da , əsas funksional nəticə vətər, sinir, sümük və oynaqların düzgün ilkin bərpasından çox asılıdır. Buna görə də, replantasiyanı icra edən cərrah birincisi təcrübəli və yetənəkli əl cərrahı olmalıdır, ikincisi mikroccərrahiyəyə gözəl yiyələnməlidir, üçüncüsü də tikilən ətrafın gələcəkdə nə qədər işə yarayacağını öncədən görməlidir. Mikracərrahi replantasiya edən cərrah heyvan labaratoriyasında 1mm diametrində olan damarda mikroanastamozda 90%-in üstündə damar açıqlığı əldə etməlidir. Digər tərəfdən bir biri ilə 24 saat uyumlu işləyən replantasiya komandası olmalıdır. Bu komanda günün hər hansı bir saatında əməliyyata girməyə hazır vəziyyətdə gözləməlidir. Tək barmaq 3-4 saata tikildiyi halda, bir neçə barmağı tikmək üçün bəzən 15-20 saat lazım gəlir.

Replantasiya sonrası əgər tikilən üzv protezdən daha çox funksional olacağı düşünülürsə, o zaman geri tikilmə icra edilir. Qeyri funksional olacağı düşünülən üzvün replantasiyası tövsiyyə olunmur, çünki əl işləməyəcək və hər keçən gün xəstəyə daha çox problem yaradacaqdır (məs. ağrı). Cərrahiyyə öncəsində həkim xəstəyə replantasiya əməliyyatı sonrasında ətrafın funksiya səviyyəsi, xəstəxanada yatış müddəti, ediləcək fizioterapevtik proseduraların həcmi və müddəti, təkrari əməliyyatların əhəmiyyəti və təqribi sayısı, maliyyəti ilə bağlı geniş məlumat verməlidir. Xəstə yalnız bunları düşündükdən sonra qısa müddətdə replantasiya əməliyyatına izin verməlidir.

Replantasiyaya Göstərişlər

  • Baş barmaq
  • Bir neçə barmaq
  • Qismi Əl(ovucdan qopma)
  • Uşaqlarda bütün ətraf hissələri
  • Əl bilək və ya said
  • Dirsək və dirsək üstü(kəskin amputasiya və ya az əzilmə)
  • Səthi bükücü vətərlər(FDS) bağlanma yerindən distalda qalan barmaq hissəsi

Replantasiyaya Əks Göstərişlər

  • Ciddi əzilmiş və cırılmış ətraflar
  • Bir neçə səviyyədə qopmuş eyni ətraf
  • Amputasiya ilə yanaşı həyatı təhdid edən digər yaralanmalar
  • Ciddi aterosklerotik damarları olan xəstələr
  • İsti işemiya müddətinin həddindən çox olması
  • Psixiatrik qeyri stabil xəstələr
  • Səthi bükücü vətərlərdən (FDS) proksimalda amputasiya olmuş barmaqlar(xüsusilə göstərici və kiçik barmaqlar)

Amputasiya olmuş ətraf(amputat) iki şəkildə cərrahi müdaxilə aparılacaq xəstəxanaya çatdırılmaldır: 1)Laktatlı Ringer və ya SF(fizioloji məhlul) ilə isladılmış qazla sarılır və plastik qabın içinə qoyulur. O plastik qab da içində yarı buz və su olan konteynerə yerləşdirilir. 2) Amputat içində yuxarıdakı məhlul olan plastik qaba batırılır və qab da içində buz və su olan konteynerə yerləşdirilir. Birinci halda ətrafın buzla birbaşa təması nəticəsində donma təhlükəsi olduğu halda, ikincisində də dərinin maserasiyası görülə bilər. Ətraf üçün isti işemiya dövrü(yuxarıdakı kimi soyuq mühitdə saxlanmamış) 6 saatdır. Soyuq mühitdə bunu 12 saata qədər artırmaq olar. Barmaqlarda əzələ kütləsi olmadığı üçün bəzən soyuq mühitdə saxlanan və 24 saat sonra tikilən barmaqlar belə tutur. Yuxarıda göstərilən qəbul edilmiş müddətdən sonra ətraflar tikilməməlidir.

Replantasiya bir neçə etapdan ibarətdir. Öncəliklə zərər görmüş olan sahə yaxşıca bol fizioloji məhlulla təmizlənir, açıqda qalan sümük ucları qaşınır, arteriya, vena, sinir, əzələ və vətərlər təkrar sıra ilə yerinə tikilir. Dəri itkisi olan sahələr bədənin sağlam olan müəyyən bölgələrindən alınan dəri qreftləri ilə örtülür.

Sağalma dönəmində ən önəmli iş xəstəyə düşür. Siqaret çəkmək replantasiya olunmuş sahəyə qan axımını azaldır və bu da toxumanın canlı qalma ehtimalını ciddi azaldır. Gənc xəstələr sinir tikilməsinin geri dönməsi cəhətdən yaşlılara görə daha avantajlıdırlar. Yaralanma səviyyəsi nə qədər qolun aşağı qismindədirsə üzv gələcəkdə o qədər funksional olur. Oynaqdan xaricdə olan yaralanmalarda hərəkət daha sürətli geri dönür. Təmiz və düzgün kəsilmiş yaralanmalarda əzilmiş və kirli yaralara görə daha yaxşı nəticələr əldə edilir. Sağalmada iki cür sinirin geri dönməsi önəmli rol oynayır. Bunlardan biri hissi sinirlərdir ki, bu sinirlər dərinin hissetməsinə cavabdehdir. İkincisi isə motor-hərəki sinirlərdir ki, bunlar da hərəkətdən məsuldur. Sinir sağalması ayda 2.5 sm olaraq qəbul edilir. Xəstənin zərər görmüş olan bölgəsindən barmaq ucuna qədər olan məsafəsi göz önünə alındıqda sinirin sağalması üçün lazım olan minimum müddət hesablana bilər. Replantasiya olunmuş üzv heç vaxt tam olaraq əvvəlki vəziyyətə dönə bilməz. 60-80% funksiyanın geri dönməsi mükəmməl nəticə olaraq qəbul edilir. Ən mükəmməl nəticələrdə belə soyuq hava ciddi problemlərə səbəb olur.

Reabilitasiya

Əməliyyat sonrası qulluq və reabilitasiya çox uzun zaman ala bilər. Birinci mərhələni fizioterapiya və atel(langet) istifadəsi təşkil edir. Atellər yenidən təmir edilmiş vətərləri qoruyur və replantasiya olan bölgə ilə hərəkət etməyi öyrənməkdə böyük önəm daşıyır. Reabilitasiya təmir edilmiş bölgədə sərtlik və çapıq toxuması əmələ gəlməsinin qarşısını alır. Müalicənin mükəmməl nəticələndiyi vəziyyətlərdə belə xəstənin bəzi edə bilmədiyi hərəkətlər və işlər olur. Xəstəyə özəl hazırlanan bəzi cihazlar ilə şəxslər özləri üçün özəl olan istəkləri və hobbilərini edə bilər. Xəstələrin ancaq az bir qismi yaralanma öncəsi işlərinə geri dönə bilir, çoxu isə iş dəyişdirmək məcburiyyətində qalır.

Replantasiya sonrası xəstədə bəzi psixoloji problemlər görülə bilər. Yara bandajı ilk açılanda və yaranı gördükdə replantasiya edilən hissə köhnə halına oxşamadığı üçün xəstədə hirslənmə, üzülmə və təəccüblənmə görülə bilər. Bir müddət sonra görüntü ilə əlaqədar olan qayğılar funksional qayğılarla əvəzlənir. Bu kimi vəziyyətlərdə xəstələrin psixoloji dəstək müalicə proqramlarına alınması vacibdir.

Bəzən replantasiya olunan hissənin canlılığı ilə əlaqədar narahatlıq olmadığı halda, funksional vəziyyətini daha da yaxşılaşdırmaq üçün əlavə əməliyyatlara ehtiyac duyula bilər.

-Tenoliz:Vətər ətrafındakı yapışıqlıqların təmizlənməsi

-Kapsulotomiya: Sərtləşmiş oynaqların açılması

-Vətər əzələ köçürülməsi-transferi: İşləməyən vətərlərin yerinə başqa bir bölgədən işləyən vətərlərin köçürülməsi

-Sinir qreftləmə: İşləməyən sinir yerinə başqa bölgədən sinir köçürülməsi

-Gec dövr amputasiya: Replantasiya olunmuş bölgənin işləməməsi və ya çox ağrılı olması səbəbi ilə yenidən kəsilməsi-amputasiya olunması

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur