Maqnezium defisiti (2)

Maqnezium — bədəninizdəki hər orqan üçün olduqca vacib olan elementdir.

Maqneziuma xüsusilə ürək, əzələlər və böyrəklər ehtiyac duyur. Əgər davamlı olaraq yorğunluq hiss edirsinizsə, ürək fəaliyyətinizdə pozğunluq müşahidə olunursa, qıcolmalar (sudurğa) və əzələ ağrılarından əziyyət çəkirsinizsə, o zaman böyük ehtimalla, bu, maqnezium çatışmazlığının əlamətidir. Göz səyirməsi və qəfil əzələ spazmları da bu əvəzolunmaz maddənin çatışmazlığının göstəricisi ola bilər. Çünki maqnezium qanın züllalarının tərkibində mövcuddur və bədənimizin 300-dən artıq fermentində aşkar olunub. Maqnezium bir çox kimyəvi reaksiyaların aktiv iştirakçısıdır və bədəndə gedən olduqca çox proseslər bu maddədən asılıdır. Bu səbəbdən də maqnezium çatışmazlığı ciddi xəstəliklərin səbəbkarı ola bilər.

Əzələlərin aktivliyi və sinir ucları ilə siqnalın keçiricilik qalibiyyəti birbaşa orqanizmdə maqneziumun yetərli miqdarda olmasından asılıdır. Maqnezium bədənə züllaların, yağların və karbohidratların həzm olunması və parçalanmasında yardımçı olur. Bu maddə bütün biokimyəvi proseslər üçün enerji mənbəyi olan adenozin trifosfatı (ATF) stimullaşdıraraq enerji istehsalında aktiv şəkildə iştirak edir. DNT-nin sintezi maqneziumum köməyilə reallaşır. Bu səbəbdən də əgər orqanizmdə maqnezium kifayət qədər deyilsə, bədən əziyyət çəkməyə başlayır.

Maqnezium çatışmazlığı zamanı aşağıdakı xəstəliklər ortaya çıxa bilər:

  • sistit, böyrəklərin müxtəlif xəstəlikləri;
  • bağırsaq xəstəliyi, orqanizmin intoksikasiyası (zəhərlənməsi);
  • depressiya, yuxusuzluq, keylik;
  • ürək xəstəlikləri;
  • hipertoniya;
  • diabet, hipoqlikemiya;
  • sonsuzluq, qadınlarda ginekoloji pozğunluqlar;
  • osteoporoz (sümük əriməsi);
  • karies.

Maqnezium çatışmazlığı səbəbilə yarana biləcək xəstəliklərin siyahısını hələ çox uzatmaq olar. Bu zaman özünü büruzə verən ilk əlamətlər iştahın itməsi, başağrısı, ürəkbulanması, zəiflik, yorğunluqdur. Xoşbəxtlikdən, bu əlamətlərin aradan qaldırılması mümkündür. Sadəcə olaraq qida rasionuna maqneziumla zəngin məhsulları daxil etmək və həyat tərzinizi yenidən gözdən keçirmək lazımdır.

Maqnezium çatışmazlığı ilə mübarizənin ən etibarlı üsulu hər gün yaşıl tərəvəz şirələrinin və təzə tərəvəzlərin qəbul edilməsidir. Dəniz yosunu və yarpaqlı yaşıl tərəvəzlər (məsələn, ispanaq) olduqca yüksək dərəcədə maqnezium tərkibinə malikdir. Maqneziumun digər mükəmməl mənbələri lobya, qoz və günəbaxan tumlarıdır. Qida rasionuna vaxtaşırı küncüt toxumlarının daxil edilməsi xüsusilə önəmlidir (küncüt həmçinin kalsiumla da zəngindir). Avakadonun tərkibində yüksək miqdarda maqnezium vardır.

Maqnezium aşağıdakı qidaların tərkibində daha çox olur.

  • tünd yaşıl tərəvəzlər
  • taxıl
  • soğan
  • pomidor
  • kərəviz
  • yer kökü
  • xurma
  • qırmızı turp
  • kakao
  • banan
  • cod su.

Maqnezium sinir sistemi üçün anti-stres dərman sayılır. Bu mineral orqanizmdə vitamin C, kalsium, fosfor və digər bəzi həyat əhəmiyyətli maddələrin orqanizmdən sorulması üçün lazımdır.

Bütün bu qidalardan istifadə olunmasına baxmayaraq orqanizmdə yenə də maqnezium çatışmazlığı yarana bilər. Əgər düzgün həyat tərzi keçirmirsinizsə, maqnezium tam şəkildə orqanizm tərəfindən udula bilmir. Məlum olduğu kimi, orqanizmdə hər şey bir-biri ilə bağlıdır. Belə ki, əgər tez-tez alkoqoldan istifadə edirsinizsə, D vitamini bədən tərəfindən tam sorula bilmir, maqneziumun sorulması (udulması) üçün isə D vitamini həddindən artıq vacibdir. Əgər çox miqdarda şirniyyat yeyilirsə, o zaman maqnezium sürətli şəkildə böyrəklər vasitəsilə xaric olunur. Maqneziumun xaric olunmasına həmçinin həddindən artıq qəhvə qəbulu, diuretiklərdən (sidikqovucu preparatlar), antibiotiklərdən, kortikosteroidlərdən çox istifadə olunması da imkan yaradır. Yaşın çox olması və həzm sisteminin yaxşı fəaliyyət göstərməməsi də maqneziumun sorulmasına təsir edən mühüm faktorlardır.

Unutmayın ki, maqnezium preparatını əlavə olaraq ancaq həkim təyin edə bilər, özbaşına müalicə əsla məsləhət görülmür. Adətən maqneziumun kalsium və D vitamini ilə birlikdə qəbulu tövsiyə olunur. 

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur