Tətik Barmaq

Tibbi dildə stenozlaşan tenosinovit olaraq bilinən tətik barmaq(trigger finger, trigger thumb) əldə barmaqların bükülmə hərəkətini təmin edən vətərlərin və bu vətərlərin müəyyən bölgələrdə altından keçdikləri körpünün(pulley-blok) xəstəliyidir. Bükücü vətərlər said ön nahiyəsindən əzələ olaraq başlayıb barmaqlara qədər davam edən ip şəklindədir. Vətərlərin ətrafında müəyyən bölgələrdə körpü şəklində(pulley-blok) qalınlaşmalar vətəri sümüyə yaxınlaşdırır və vətərin qaldırma gücünü artırır.Vətərlər əl içində və barmalqarda vətər yatağı(tenosinovium) adlanan zarlarla örtülmüşdür.Vətər yataqları vətərin hərəkəti zamanı rahat sürüşməsi üçün uyğun şərait yaradır.

Səbəblər və Klinikası

Barmağın ovucdan başlama səviyyəsində mövcud olan A1 pulley(blok)’in qalınlaşması və ya bu səviyyədə olan vətər yatağında meydana gələn şişkinliklər səbəbi ilə barmaq hərəkəti əsnasında yaranan taxılma və ağrı olmasına tətik barmaq deyilir. Bu problem yarandıqdan sonra barmağın istifadəsi buradakı anatomik strukturların daha çox şişməsinə yol açaraq vəziyyətin daha da ağırlaşmasına səbəb olur. Bəzən barmaqda tam kilitlənmə olur və bu zaman barmaq bükülüb açıla bilmir. Çox vaxt isə əsas səbəbi tapılmır. Xəstə barmağını düzləşdirməktə çətinlik çəkir. Xalq arasında barmaq kilidlənməsi olaraq bilinir.

Revmatoid artrit, podaqra(sidik turşusu artropatiyası), şəkərli diabet kimi sistemik xəstəliklər zamanı daha sıx görülür. Nadir hallarda ovuc içi və barmaqda daha əvvəl olan travmalar xəstəliyə səbəb ola bilir. Xəstəlik barmaqların ovuc içində başlanma yerində narahatlıq hissi ilə başlayır. Bu bölgəyə toxunanda ağrı hissi olur. Ağrılı sahədə bəzən düyün-sərt şişkinlik hiss edilir. Sonrakı dövrlərdə barmaqda taxılma və kilitlənmə inkişaf edir.

Müalicə

Müalicənin məqsədi barmağın taxılmasının qabağını almaq , hərəkət əsnasında narahatlıq hissini ortadan qaldırmaqdır.Vətərin ətrafındakı şişkinliyin azaldılması vətərin vətər yatağındakı hərəkətini asanlaşdırır. Bu səbəblə barmaq aktivliyinin azaldılması, iltihab əleyhinə dərmanların istifadəsi və barmaq fiksasiyası erkən dövrdə tətbiq edilə bilər. İltihablı sahəyə-vətər yatağına steroid dərman inyeksiyası simptomların ortadan qalxmasına kömək edir. Steroid dərmanın vətər strukturlarına uzun dönəmdə verdiyi zərərlər –vətəri zəiflətdiyi və gələcəkdə vətərin spontan qopması göz önünə alındıqda bir dəfədən artıq inyeksiya uyğun görülmür.

Tibbin inkişaf etdiyi son dövrlərdə bu xəstəliyin müalicəsində fizioterapevtik metodlardan geniş istifadəsi vüsat almışdır. Bunlara zərbədalğalı terapiya və yüksək tezlikli lazer terapiyası aid edilir.

Uzun müddət davam edən və yuxarıdakı konservativ müalicəyə cavab verməyən xəstələrdə sıxışmaya səbəb olan pulley(blok) cərrahi olaraq açılır. Əməliyyat ovuc içində yerli anesteziya altında aparılan kiçik kəsikdən edilir. Əməliyyat sonrası xəstəliyin əlaməti təmamilə keçir. Bəzi xəstələrdə yara yerində artıq çapıq toxuması yarana bilər. Bu çox vaxtı evdə edilən masajla tədricən ortadan qalxır.

1 1

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur