Diabetik pəncənin (diabetik xoranın) müalicə prinsipləri

Şəkərli diabeti (tip 1 və ya 2) olan xəstələrdə ayaq xoralarının yaranması riski 25%-ə bərabərdir. Diabetik ayaq xoraları xəstələr arasında morbidliyin və mortalitenin mühüm səbəblərindəndir və bir çox inkişaf etmiş ölkələrdə qeyri-travmatik aşağı ətraf amputasiyalarının təxminən 2/3 hissəsinə gətirib çıxarır. Bu isə diabeti olan xəstələrdə ayaq xoralarının profilaktikası, erkən müəyyən edilməsi və dərhal müalicəsinin nə dərəcədə vacib olduğunu göstərir.

YARALARIN TƏSNİFATI.

Diabetik ayaq xoralarının müalicəsində ilk addım inkişaf etmiş yaranın düzgün təsnifatıdır. Yaraların təsnifatı isə yaranın kliniki müayinəsi və bəzən də ayağın vaskulyarizasiya vəziyyətinin qiymətləndirilməsi əsasında aparılır. Xoranın kliniki müayinəsindən sonra tələb olunan müalicənin intensivliyi və müddəti təyin oluna bilər.

Hazırda geniş istifadədə olan təsnifat sistemi Wagner tərəfindən təklif edilib:

  • Dərəcə 0 – Xoranın yaranması riski yüksək olan xəstədə hazırda heç bir xoranın olmaması
  • Dərəcə 1 – Yalnız dərinin tam qalınlığını cəlb edən səthi xora. Bu hallarda dərialtı toxumalar zədələnməmiş olur.
  • Dərəcə 2 – Dərin xora (bağlar və əzələyədək nüfuz edir, lakin sümük zədələnməmiş olur və ya abses formalaşmamış olur).
  • Dərəcə 3 – Dərin xora ilə yanaşı sellulit və ya absesin formalaşması, habelə çox vaxt osteomiyelitin inkişafı.
  • Dərəcə 4 – Lokallaşmış qanqren
  • Dərəcə 5 – Bütöv ayağın geniş yayılmış qanqrenası.

Nəzərdə saxlamaq lazımdır ki, Wagnerə görə ayaq xoralarının təsnifatı xoranın kliniki müayinəsinə arxalanır (xoranın dərinliyi və nekrozun olub olmaması) və ayağın vaskulyarizasiya vəziyyətini nəzərə almır. Lakin, ortopedik cərrahlar tərəfindən daha çox istifadə edilən təsnifat sistemi xoranın dərinliyi və işemiyası dərəcəsini nəzərə alır. Diabetik Pəncə üzrə Beynəlxalq İşçi Qrup tərəfindən təklif edilmiş digər təsnifatı sistemi isə ayaq xoralarını aşağıdakı kateqoriyalara əsasən klassifikasiya edir: perfuziya, əhatəliyi, dərinliyi, infeksiya və hissiyatlılıq (PEDİS). Lakin, PEDİS sistemi əsasən elmi tədqiqat işlərində geniş istifadə edilir.

DƏRƏCƏ 0 XORALAR.

Diabetik xoranın yaranması riski yüksək olan bütün xəstələrə, xüsusilə də, diabetik neyropatiyası olan xəstələrə, profilaktik tədbirlərlə bağlı məsləhətlər verilməlidir. Diabetik xoraların yaranmasının qarşısını almaq və ya yaranması riskini xeyli azaltmaq üçün bir sıra tədbirlərin görülməsi zəruridir. Bu tədbirlərə ayaqyalın gəzməmək, siqaret çəkməmək və yaxşı oturmayan ayaqqabı geyməmək aiddir.

DƏRƏCƏ 1 VƏ 2 XORALAR.

Dərəcə 1 və 2 ayaq xoralarının müalicəsinin mühüm komponentləri nekrotik toxumaların cərrahi təmizlənməsi, yaraya yaxşı lokal qayğının təmin edilməsi, xoraya olan hər hansı təsirin (ayaqqabının dəyişdirilməsi, sıxan corabların geyinilməməsi və s.) aradan qaldırılması və infeksiya olduqda onun kontrol edilməsidir. Kliniki praktikada diabeti olan xəstələrə qayğı göstərən həkim xəstənin ayaqlarını müayinə etməli, diabetik xoralar və ya yaralar olduqda onların ölçüsünü müəyyən etməli və növbəti müayinələrdə müqayisə etməlidir. Tədqiqatlar göstərir ki, sağalan diabetik xoraların ölçüsü hər gün təxminən 1%-dək azalmalıdır. Yaxşılaşması müşahidə edilməyən diabetik xoraların aşağıdakı səbəblərə görə daha detallı müayinəsi tələb olunur: antibiotik tələb edən yumşaq toxuma infeksiyası və ya osteomiyelitin istisna edilməsi, vaskulyar çatışmazlığın qiymətləndirilməsi və ya həmin ayağa düşən “yükün” daha effektiv azaldılmasına olan ehtiyacın olub olmadığının müəyyən edilməsi.

Yaraların cərrahi təmizlənməsi. Xoraların sağalması üçün nekroza uğramış toxumaların cərrahi təmizlənməsi xüsusi önəm daşıyır. Ümumiyyətlə, diabetik xoraların və digər yaraların təmizlənməsınin müxtəlif metodları vardır və bunların sırasında skalpel və ya qayçı ilə nekrotik toxumanın cərrahi təmizlənməsi, xüsusi fermentlərin (enzimatik) istifadəsi, autolizis, mexaniki və bioloji təmizləmə daha geniş istifadə edilir.

Cərrahi təmizləmə əsasən skalpel və ya qayçı ilə nekrotik toxumaların xaric edilməsindən ibarətdir. Bəzi xüsusi hallar istisna olmaqla, cərrahi iti təmizləmə ən geniş istifadə edilən metoddur. Həmin istisnalara isə vaskulyarizasiyası yüksək olan xoralar və ya əksinə vaskulyar çatışmazlıq səbəbindən cərrahi təmizləmə nəticəsində yaranacaq yeni yaraların sağalması ehtimalının çox aşağı olmasıdır. Bu cür hallarda üstünlük enzimatik təmizləməyə (kollagenaza və ya digər proteolitik fermentlərin lokal tətbiqi) verilir. Autolizis üçün oklyuziv və ya qismən-oklyuziv olan (hidrogel) sarğılar istifadə edilir. Bu cür sarğılarla örtülmüş yaralarda nekrotik toxumalar yaranın özündə olan fermentlər tərəfindən həzm olunur. Ağrılı xoraları olan xəstələrdə bu cür sarğıların istifadəsi daha məqsədə uyğun ola bilər.

Bir neçə randomizə olunmuş tədqiqatlar göstərmişdir ki, fizioloji məhlulda isladılmış yaşdan-nəmə (“wet to moist” və ya “wet to wet”) və ya quru sarğılanma ilə müqayisədə hidrogel sarğılar diabetik xəstələrdə olan ayaq xoralarının daha yaxşı və daha effektiv sağalmasını təmin edir. Əksər iri tibb mərkəzlərində diabetik xoraların müalicəsində cərrahi təmizləməyə üstünlük verilir. Alternativ olaraq, bir çox hallarda hidrogel sarğıların istifadəsi də xoraların sağalmasına yardım edə bilər.

Arteriyal çatışmazlığı olan xəstələrin isə damar cərrahının müayinəsinə yönləndirilməsi tələb olunur.

İnfeksiyanın kontrol edilməsi. Diabetik ayaq xoralarında infeksiyanın mövcudluğu kliniki müayinə nəticəsində təsdiq edilir. Xüsusilə də, xora daxilində irinli ifrazatın olması və ya xora ətrafı toxumaların qırmızı, ödemli və ya isti olması da xoranın infeksiyalaşmasını təsdiq etmiş olur. Xoranın cərrahi (və ya digər metodla) təmizlənməsindən sonra və empirik antibiotik terapiyasının başlanmasından öncə onun əsasından mikrobioloji əkmə üçün material götürülür. Əkmə üçün toxuma kyuretajla götürülməlidir, çünki irriqasiya və ya yaxmanın nəticələri az dəqiq olur. Ümumiyyətlə, diabetik ayaq xoralarından götürülmüş əkmələrdə çox zaman aerob qram pozitiv kokklar müəyyən edilir. Digər tez-tez müəyyən edilən patogenlərə aerob qram neqativ çöplər və anaerob flora daxildir.

Aparılan araşdırmaların azlığından standartlaşdırılmış antibiotik kombinasiyasına dair konkret tövsiyə mövcud deyil. Empirik antibiotik terapiyası üçün antibiotiklər elə seçilməlidir ki, qram pozitiv kokklara qarşı effektivliyi olsun. Əkmənin nəticələri və ayırd edilmiş mikrobların antibiotiklərə həssaslığı məlum olduqdan sonra isə antibiotik terapiyası müvafiq olaraq uyğunlaşdırılmalıdır.

Yaraya lokal qayğı. Cərrahi (və ya digər növ) təmizlənmədən sonra xoraları təmiz və nəm, lakin artıq mayedən azad saxlanmalıdır. Yaranın nəm olması toxumaların sağalmasını sürətləndirir. Yaranın xüsusiyyətlərindən asılı olaraq müvafiq sarğı materialı seçilməlidir. Diqqət yetirilməsi tələb olunan xüsusiyyətlərə yarada olan eksudatın həcmi, yaranın quraqlığı və ya nekrotik toxumanın mövcudluğu aid edilir. Bəzi sarğı materialları sadəcə yaranı xarici təsirdən qoruyur, digərləri isə yaranın nəmləşdirilməsinə yardım edir və ya artıq eksudasiyanın qarşısını alır. Fizioloji məhlulla isladılmış sarğılar çox geniş tətbiq edilir. Bu cür sarğılar yaraya yaş qoyulur və quruduqda gündə 2-3 dəfə dəyişdirilir. İsladılmış sarğılar quruduqda yarada olan nekrotik və sağlam toxumalara birləşmiş olur və onların dəyişdirilməsi zamanı həmin toxumaların mexaniki təmizlənməsinə səbəb olur. Yaşdan-quruya adlanan bu cür sarğılanma sisteminin istifadəsində ehtiyyatlı olmaq lazımdır ki, sağlam toxumaların artıq mexaniki təmizlənməsi və zədələnməsi baş verməsin.

Bir çox sarğılara antimikrob preparatları hopdurulmuş olur ki, infeksiyanın qarşısı alınsın və xoranın sağalmasını sürətləndirsin. Düzdür antimikrob preparatları ilə hopdurulmuş sarğıların effektivliyi kliniki tədqiqatlarda sübuta yetirilməyib.

Pəncəyə düşən yükün (təzyiqin) azaldılması. Xora nayihəsində təzyiqi azaltmaq və ya aradan qaldırmaq üçün xüsusi ayaqqabılar, ayaqqabı modifikasiyaları, bütöv kontakt immobilizasiya (məs., gips sarğı, şina), qoltuqağacı və yerimə üçün araba (tutaq) istifadə edilir. Xora nayihəsinə düşən təzyiqi aradan qaldırmaqla yaranın sağalması sürətləndirilmiş olur. Tədqiqatlar göstərir ki, xoraya düşən təzyiqin aradan qaldırılmasını təmin edən bütöv kontakt gips (və ya fibroşüşə materialdan) sarğılar diabetik xoraların sağalmasını sürətləndirir.

Bütöv kontakt gips sarğı. Bütöv kontakt sarğı xüsusi olaraq fibroşüşədən hazırlanmış olur və əsas məqsədi ayağa düşən çəkini (təzyiqi) bütöv ayaq boyu bərabər paylamaqla xoranın olduğu nayihəyə düşən yükün azaldılması və ya aradan qaldırılmasıdır. Yadda saxlamaq lazımdır ki, ayağın tam yükdək azad edilməsi üçün xəstəyə həmin ayaqdan istifadə etməməsinə göstəriş verilə bilər. Bütöv kontakt sarğının çatışmazlığı yaranın tez-tez müayinəsinə yaranan məhdudiyyətlər, xəstənin gündəlik həyatla bağlı tədbirlərdə iştirakının məhdudlaşdırılması, sarğının qoyulması üçün xüsusi bacarığa malik olan mütəxəssislərin olması və düzgün qoyulmamış sarğı səbəbindən ikincili xoraların yaranmasıdır (xüsusilə də, neyropatiyası olan xəstələrdə). Bütöv kontakt sarğının ağırlaşmalarının profilaktikası üçün sarğının tez-tez dəyişdirilməsi və sarğılanmış ayağın müayinəsi tələb olunur. Kiçik bir tədqiqatdan məlum olub ki, bütöv kontakt sarğı ilə yanaşı Axill vətərinin uzadılması əməliyyatının aparılması diabetik xoraların daha az hallarda təkrar yaranmasına səbəb olur. Qeyd edilməlidir ki, bütöv kontakt sarğılar infeksiyalaşmış, osteomiyelit, periferik işemiya, ikitərəfli xoralar, aşağı ətrafın amputasiyası və ya daban xorasında istifadə edilməməlidir.

Müalicəvi ayaqqabılar. Xoranın sağalmasından sonra xəstələrdə xoranın təkrar baş verməsinin profilaktikası üçün daha dərin və daha geniş ayaqqabıların geyinilməsi tövsiyə edilməlidir. Həmin ayaqqabılar daxilinə xüsusi ortopedik içliklər də qoyulur. Müalicəvi ayaqqabıların bir neçə növü mövcuddur və onların əsas təsir mexanizmi ayağa düşən yükün düzgün bölüşdürülməsi və/və ya xora olan sahəyə düşən yükün azaldılmasıdır.

Diz skuteri (diz üçün araba). Diz tutarları xəstələrin ambulator qaydada hərəkətliyini təmin etməklə yanaşı xoranın olduğu ayağa düşən yükü azaltmış və ya tam götürmüş olur.

DƏRƏCƏ 3 XORALAR.

Dərin xoraların müalicəsinə başlamazdan əvvəl xoranın olduğu ətraflarda periferik damarların xəstəliyi və sümüklərin prosesə cəlb edilməsi müəyyən olunmalıdır.

Periferik arteriyaların xəstəliyinə dair müayinə. Bütün yaraların və xüsusilə də, diabetli xəstələrdə olan yaraların müayinəsində qan təchizatı, damarlar və, ümumiyyətlə, qan dövranın vəziyyətinin qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. Aşağıdakı simptomları olan xəstələrdə periferik arteriyaların xəstəliyi ehtimalı yüksək olur:

  • aralıqlı axsaqlıq və ya istirahətdə ətrafda ağrı
  • ətraflarda nəbzin müəyyən edilməməsi və ya zəifləməsi
  • ətrafların soyuq olması
  • ətrafın yuxarı qaldırılmasında dərinin solğunlaşması

Periferik arteriyaların xəstəliyinin diaqnostikası üçün qeyri-invaziv damar testlərinin, o cümlədən, topuq-çiyinönü indeksi və dupleks US müayinəsinin aparılması tələb olunur. Topuq-çiyinönü indeksi topuqda və braxial arteriyada ölçülmüş arteriyal təzyiqlərin nisbətini göstərir və nəticəsi arteriyaların oklyuziv xəstəliyinin mövcudluğu və ağırlıq dərəcəsindən asılı olur. Diabeti olan xəstələrdə qan damarlarının kompressiya olunma bacarığı pis olduğundan topuq-çiyinönü indeksinin nəticəsi yalnış ola bilər. Seqmentar həcm pletizmoqrafiyası və baş barmaq-çiyinönü indeksinin təyin olunması ilə xəstəliyin ağırlıq dərəcəsinin daha düzgün qiymətləndirilməsi mümkündür.

Osteomiyelitin müəyyən edilməsi. Xoranın əsasında sümük görünürsə və ya xüsusi steril küt metal zondla xoranın dibinin müayinəsində müəyyən edilirsə, həmin xəstələrdə osteomiyelitin olma ehtimalı yüksək olur. Osteomiyelitin olmasına işarə edən digər əlamətlərə xora ölçüsününü 2×2 sm-dən böyük olması və EÇS-nin (eritrositlərin çökmə sürəti) digər səbəblər olmadıqda artmasıdır.

Radioloji müayinələr. Osteomiyelitin olduğuna şübhə olduqda radioloji görüntüləmənin aparılması faydalı ola bilər. Bəsit rentgen filmlərində osteomiyelit müəyyən edildikdə diaqnoz təsdiqlənmiş olur. Lakin, osteomiyelitdə radioloji görüntüləmədə görünən dəyişikliklər adətən gec baş verdiyindən, radioloji müayinələrdə osteomiyelitə xas əlamətlərin görünməməsi heç də osteomiyelit diaqnozunu istisna etmir. Bu cür şübhəli hallarda radionuklid sümük görüntüləməsi, MRT və indiumla nişanlanmış leykositlərlə aparılan görüntüləmə təyin oluna bilər.

Sümüyün biopsiyası. Kliniki və radioloji müayinələr nəticəsində diaqnozun qoyulması mümkün olmadıqda, sümüyün biopsiyası aparıla bilər. Sümüyün biopsiyasının isə riski

Müalicə. Dərəcə 3 xoraların müalicəsi yaranın cərrahi (və ya digər metodla) təmizlənməsi, infeksiyanın kontrol edilməsi, yaraya lokal qayğı və yara nayihəsinə düşən yükün və təzyiqin azaldılmasından ibarətdir. Osteomiyelit və ya periferik arteriyaların xəstəliyi olduqda isə əlavə müalicə tədbirləri aparılmalıdır. Bu qrup xəstələrə göstərilən qayğı müvafiq mütəxəssislər arasında koordinasiya edilmiş şəkildə aparılmalıdır ki, ətrafların amputasiyasına ehtiyac yaranmasın. ABŞ xəstəxanalarında aparılmış tədqiqat göstərmişdir ki, kliniki protokollar, tədris seminarları, keyfiyyətə nəzarətin təmin edilməsinə yönəlmiş görüşlər və xəstənin evə yazılması prosesinin əlaqələndirilməsi olmayan tibb mərkəzlərində ətrafların amputasiyası daha çox hallarda tələb olunur.

Antimikrobial terapiya. Diabetik xorası olan xəstələrdə osteomiyelitin olub olmamasının
xəstələrin hospitalizasiyası, venadaxili antibiotik terapiyasının aparılması və yaranın cərrahi təmizlənməsinə dair qərarların verilməsinə təsiri hələ də geniş müzakirə mövzusudur. Əksər mütəxəssislər sistem intoksikasiyası əlamətləri olmayan, hemodinamikası stabil olan xəstələrin ambulator qaydada müalicəsini aparır. Kliniki vəziyyəti daha ağır olan və ya özünə qayğı imkanları məhdud olan xəstələrin hospitalizasiyasına və/və ya venadaxili antibiotik terapiyasının aparılmasına üstünlük verilməlidir. Əksər mütəxəssislər osteomiyeliti olan xəstələrin bütün hallarda qısa müddətə hospitalizasiyasını, yaradan əkmələrin götürülməsini və müəyyən ediləcək patoloji mikrofloranın antibiotiklərə həssaslığının təyin edilməsini, ilkin olaraq empirik və daha sonra əkmənin nəticələri əsasında müvafiq antibiotiklərlə müalicənin aparılmasını tövsiyə edir. Ümumiyyətlə, ənənəvi olaraq, osteomiyeliti olan xəstələrin müalicəsi 4-6 həftə ərzində venadaxili antibiotik terapiyası ilə aparılıb. Oral antibiotiklərə keçid isə xəstənin kliniki vəziyyəti, yaranın vəziyyəti və sosial şəraitdən asılıdır.

Revaskulyarizasiya. Periferik arteriyaların xəstəliyi olan diabetik xəstələrdə ətrafların revaskulyarizasiyası xüsusi əhəmiyyət kəsb edir. Revaskulyarizasiya həm də ətrafın amputasiyasının qarşısını almağa yardım edir. Araşdırmalar göstərib ki, ayaq xoraları və ətrafların kritik (ağır dərəcəli) işemiyası olan diabetli xəstələrdə revaskulyarizasiyanın aparılması həmin xəstələrdə amputasiyaya olan ehtiyacı xeyli azaltmış olur. Həmin araşdırmaların bir çoxunda ətrafın kiritik işemiyası topuqda arteriyal təzyiqin <70 mm c.s.-dan az olması kimi təyin olunub. Əksər kliniki araşdırmalarda ətrafların kritik işemiyası olan diabetli xəstələrin böyük əksəriyyətində müalicə əsasən angioplastika (PTA – perkutan transluminal angioplastika) (75% hallarda) və ya şuntlama əməliyyatından (21%) ibarət olub. Yerdə qalan xəstələrdə isə nə PTA, nə də şuntlama əməliyyatının aparılması mümkün olmamışdır. Nəticədə isə PTA alan xəstələrdə ətrafın amputasiyası 8.2% hallarda, şuntlama alan xəstələrdə – 21.2% hallarda və revaskulyarizasiya almayan xəstələrdə isə 59.2% hallarda aparılmışdır.

DƏRƏCƏ 4 VƏ 5 XORALAR.

Bu cür ağır dərəcəli xoraları olan diabetli xəstələrin hospitalizasiyası və onların müalicəsinə cərrahın cəlb edilməsi tələb olunur. Bir çox hallarda həmin xəstələrdə ətrafın amputasiyası da tələb oluna bilər.

DAHA MÜTƏRƏQQİ MÜALİCƏ TƏDBİRLƏRİ.

Xoraların sağalmasına müsbət təsir edən bir sıra yanaşmalar mövcuddur ki, bunlara vakum yardımı ilə yaraların bağlanması, xüsusi yarım keçirici polimer membranadan hazırlanmış sarğılar, əkilmiş insan dermisi və trombositlərdən əldə edilmiş böyümə faktorları daha geniş tətbiq edilir.

Neqativ təzyiqli yara terapiyası. Xroniki diabetik və cərrahi yaraların, habelə yanıq yaralarının müalicəsi üçün 1980-ci illərdə lokal neqativ təzyiqin tətbiqi ilə yaraların müalicəsi metodu kəşf edilmişdir. Lokal Neqativ Təzyiqin tətbiqi metodu başqa cür həm də – subatmosfer təzyiqin tətbiqi, vakumla yaranın bağlanması və sovurucu sarğı kimi tanınır. Bu metodun məğzu yara yatağına xüsusi sarğının qoyulması, həmin sarğı materialının vakum nasosu ilə birləşdirilməsi və bu bütöv sahənin ətrafdan tam izolyasiyasının təmin edilməsindən və vakum cihazı ilə 50 mm c.s.-dan 125 mm c.s.-dək diapazonda təzyiqin tətbiqindən ibarətdir.

Bir çox aparılmış araşdırmalar göstərmişdir ki, tətbiq edilən təzyiqin nəticəsində yara sahəsinə axan qanın həcmi artmış olur və bu yaranan sağalmasına müsbət təsir göstərir, sağalma prosesini sürətləndirir. Lakin, ümumi götürdükdə, Neqativ Təzyiqin tətbiqi müalicənin yaraların sağalmasına təsiri mexanizmləri sonadək aydın deyil. Bir çox araşdırmalardan aşağıdakılar mülahizə edilmişdir:

Neqativ təzyiqin tətbiqi interstisial sahədə olan artıq mayenin (çox guman ki. həm də ödemin) sovuraraq çıxarılmasını təmin edir. Bu cür artıq interstisial maye ətraf toxumaların mikrosirkulyasiyasını və nəticədə toxumalara oksigen nəqlini və toxumalarda toplanmış müxtəlif toksinlərin təmizlənməsi prosesini pozmuş olur. Qeyd etmək lazımdır ki, xroniki yaralarda toksik maddələr xeyli miqdarda olur (metalloproteinazaların səviyyəsi xeyli artmış olur). Artıq mayenin təmizlənməsi ilə mikrosirkulyasiya yaxşılaşır, toxumaların oksigenləşməsi və qidalanması yaxşılaşır və yaraların sağalması sürətlənir.

Digər mümkün mexanizmlərdən biri neqativ təzyiqin tətbiqi nəticəsində yaralarda olan bakteriyaların həcminin azalmasıdır. Bir sıra araşdırmalar göstərmişdir ki, neqativ təzyiqin tətbiqi texnikası ilə (vakum cihazı) müalicə olunan yaralarda bakteriyaların həcmi daha az olmuşdur.

Həmçinin, mülahizə edilmişdir ki, neqativ təzyiqin tətbiqi yara yatağına mexaniki təsir də göstərir. Belə ki, mexaniki təsir nəticəsində yara yatağında hüceyrələrin proliferasiyası artır. Neqativ təzyiqin sovurucu efekti səbəbindən yara yatağını təşkil edən toxuma parçalarının yaranı örtən süngərə hopması və nəticədə toxuma daxilində mikroperforasiyaların əmələ gəlməsi lokal angiogenezi stimullaşdırmış olur.

Bu və digər səbəblərə görə xroniki yaraların müalicəsində Neqativ Təzyiqin tətbiqi mühüm metodlardan biri kimi qəbul edilir və əksər ölkələrdə uğurlu tətbiq edilir. Hazırda Neqativ təzyiqin tətbiqi metodu ilə kəskin və xroniki yaralar, diabetik və yataq xoraları, travmatik yaralar, osteomiyelitlə müşahidə edilən yaralar, ağır dərəcəli yanıqlar, hətta plevranın empiyeması uğurla müalicə edilir.

Dəri əvəzləyiciləri. İnsan dərisinin əvəzləyicilərinin diabetik xəstələrdə olan infeksiyalaşmamış, işemik olamayan xroniki daban yaralarında tətbiqi geniş araşdırma obyekti olmuşdur. Araşdırmaların birində xüsusi metodlarla əkilmiş dəri əvəzləyicisi (Qraftskin) diabetik xoraya 4-6 həftə ərzində tətbiq edilmiş və xoranın sağalmasını həm yaxşılaşdırmış. həm də xeyli sürətləndirmişdir. Digər tətbiq olunan dəri əvəzləyicilərinə Dermaqraft, Apliqraf və s. oxşar məhsullar daxildir.

Böyümə faktorları. Trombositlərdən çıxarılmış böyümə faktorundan hazırlanmış gel (bekaplermin) artıq bir sıra ölkələrdə diabetik ayaq xoralarının müalicəsində adyuvant (yardımçı) terapiya kimi istifadə edilir. Böyümə faktorunun tətbiqi xorada hüceyrələrin proliferasiyasını və angiogenezi yaxşılaşdırır və nəticədə yaranın sağalmasını sürətləndirir. Lakin, bu preparatların əsas məhdudiyyəti onların bahalığı və istifadəsindən sonra bədxassəli şişlərin yaranmasıdır. Digər araşdırmalarda insanın epidermal böyümə faktoru istifadə edilmiş və diabetik xoraların sağalmasına müsbət təsiri müəyyən edilmişdir.

Kök hüceyrəsi terapiyası. Artıq 2013-cü ildə kök hüceyrələrindən hazırlanmış hüceyrə matriksinin diabetik xoraların müalicəsində tətbiqinin ilkin nəticələri məruzə edilmişdir. Bu tədqiqatların nəticələri göstərmişdir ki, canlı mezenximal kök hüceyrələrindən hazırlanmış bərpa matriksinin diabetik xoraya inyeksiyaları nəticəsində hətta dərin xoralar belə daha sürətlə sağalır. Hazırda Grafiks (Osiris şirkətinin məhsulu) kök hüceyrə matriksi öz effektivliyini sübut etmiş və tətbiq olunmaqdadır.

Hiperbarik oksigen terapiyası. Hiperbarik oksigen terapiyası diabetik xoraların sağalmasına yardım göstərə bilər. Lakin, sağalmayan diabetik xoraların müalicəsində bu metodun tətbiqinə dair aydın göstərişlər hələ ki, mövcud deyildir.

Digər preparatlar. Bir sıra kiçik kliniki tədqiqatlarda bəzi kremlərin faydası araşdırılmışdır. Məsələn, 0.05%-li tretinoin məhlulunun 10 dəqiqə müddətində lokal sürtülməsindan sonra yod tərkibli gelin 4 həftə ərzində tətbiqi xəstələrin 46%-də diabetik xoraların tam sağalması ilə nəticələnmişdir. Bəzi araşdırmalarda xora ətrafı sahədə elektrik stimulyasiyanın aparılması da xoranın sağalmasına müsbət təsir etmişdir.

IMG 1797 1024x1017

IMG 1793 1024x1024 

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur